Gündəm / Cəmiyyət / Dünya / Sosial / Təhsil

Müəllimlərə "şad" xəbər...

Müəllimlərə

"Bizim rayonun təhsil şöbəsinin müdiri deyir ki, rayonumuza sosial pedaqoq işi gəlməyib. Bəs mənim körpə uşaqlarım var, özüm xəstəyəm müalicə etdirirəm. Nə edim?"

"Mənə sosial pedaqoq işi vermədilər ki, sənin ailə başçın var. Yoldaşım isə xəstədir, həm də işsiz. Bizim kreditlərimiz var axı, mən nə edim?"
"Sosial pedaqoq işini hamıya yarım ştat verirlər, maaş cəmi 259 manat, bu məbləğ heç kommunal xərclərimizi ödəmir. Biz nə edək?"
"Bizə dedilər, sosial pedaqoq işi 7 aylıqdır. İyun ayında dayandırılacaq, bəs biz sonra nə etməliyik?"....

Və sair... və ilaxır...

Bütün bu suallar, müraciətlər sertifikasiya imtahanlarının qurbanları tərəfindən hər gün, hər saat dayanmadan "DogruXeber.az"a göndərilənlərdir.

Qeyd edək ki, Astaradan, Saatlıdan, Yevlaxdan, Laçından, Füzulidən, Yardımlıdan, Cəlilabaddan və digər rayonlardan redaksiyamıza müraciət ünvanlayan bu şəxslərin hər biri 4300 müəllimin qeyri-şəffaf keçirildiyini iddia etdikləri sertifikasiya imtahanında uğursuz nəticə topladığı səbəbilə taleyin ümidinə buraxılan, üstəlik müəllim adları qanunun müvafiq maddəsi ilə əllərindən alınan və Elm və Təhsil Nazirliyi tərəfindən müraciətləri, şikayətləri birmənalı şəkildə qulaqardına vurulanlardır.

Məlumdur ki, tez-tez rəsmi saytlarda, səhifələrdə Emin Əmrullayevin nə vaxt hansı rayonda və hansı saatda görüş keçirəcəyi barəsində informasiyalar paylaşılır. Lakin, dəfələrlə Əmrullayevin qapısına (Elm və Təhsil Nazirliyi) qədər gəlib, saatlarla gözləyib qəbuluna düşə bilməyən müəllimlər iddia edirlər ki, nazir onları heç rayonlarda da qəbul etmir. Hətta, bir müddət əvvəl Əmrullayevin Şamaxı şəhərində keçirdiyi görüşdən sonra müəllimlər "Kanal14"ə müraciət edərək, nazirlə görüşmək üçün Şamaxıya getdiklərini, görüş keçirilən zala buraxılmadıqlarını, məcburiyyət qarşısında bari o, çıxanda görüşmək üçün saatlarla qapıda gözlədiklərini və nazirin onlarla görüşməmək üçün arxa qapıdan çıxıb "qaçdığını" bildirirdilər.

İllərlə hər şəkildə (rəsmi görüşlərdə say çoxluğu yaratmaq və sair kimi ) sözün əsl mənasında istifadə olunan müəllimlərin 10 il, 20 il sonra bu şəkildə işdən azad edilmələri onları maddi olaraq ciddi zərərə uğratmaqla bərabər, mənəvi olaraq da möhkəm sarsıtdı. Yetişdirdikləri ali savadlı şagirdlər qarşısında "savadsız müəllim damğası" vurulan, qürurları yerlə bir edilən müəllimlərin böyük əksəriyyəti Sertifikasiya imtahanının keçirildiyi zalların müşahidə kameralarının açılmasını, yaxud yenidən şəffaf imtahan keçirilməsini tələb edirlər.

Görünür nazirliyin maraqlarına zidd olan bu tələblərə Emin Əmrullayev ümumiyyətlə məhəl qoymur.

Müəllimlərin bütün bu kimi iddiaları və onlar üçün bundan sonra hər hansı bir addımın atılıb-atılmayacağı barəsində suallarımıza aydınlıq gətirmək üçün Elm Təhsil nazirliyinə göndərdiyimiz sorğular, eləcə də vəzifəsi mətbuatla, ictimaiyyətlə əlaqələr qurmaq olan Səbuhi Rzayevə edilən zənglərimiz cavabsız qalır. Amma, Səbuhi Rzayev dövlət büdcəsindən maaş aldığı vəzifəsinə laqeydliyi və araşdırmaçı jurnalist Cavanşir Həsənlinin nazirin xanımının xaricdə təhsili və ödədiyi yüz minlərlə təhsil haqqları barədə ətraflı məlumatlara istinadən yazdığımız tənqidi yazı ilə bağlı bizi təhdid etməyə ayıracaq zaman tapdı.

Əlqərəz...
Demək ki, nazirlik hamını, hər şeyi görür, eşidir. Sadəcə maraqlarına zidd olan, yaxud maraqları üçün faydalı olmayan məlumat və müraciətləri qəsdən görməzdən gəlir.

Emin Əmrullayev rəhbərliyinin gözlə görünən acı nəticələri və sözün əsl mənasında fəsadları ilə davam edir. Bir zamanlar bir çox dövlət işlərində (seçkilər, rəsmi görüşlər və sair) öz razılıqları ilə istifadə edilən, həmişə şagirdlərinə dövlət maraqlarına, vətənə, hökümətə sadiq xidmət etməyi tövsiyyə edən, aşılayan 4300 vətəndaş, bu gün Elm və Təhsil Nazirliyi tərəfindən işsiz qaldığı və biganə yanaşıldığı, həmçinin qanuni, sivil müraciətlərinə məhəl qoyulmadığı üçün qeyri-qanuni yollarla haqq səslərini duyurmağa hazırlaşır.

Bunun nə demək olduğunu isə özünüz düşünün!

Mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az