Gündəm / Siyasət / Cəmiyyət

ABŞ-ın Azərbaycanla bağlı mövqeyi Milli Məclisdə kəskin tənqid olundu

ABŞ-ın Azərbaycanla bağlı mövqeyi Milli Məclisdə kəskin tənqid olundu

"Cənab Prezidentin bu xalqın haqqını heç kimə verməməsi çox adamı, çox dövləti narahat edir. Bunlardan biri də ABŞ-dır”.

"Kanal14.az"ın məlumatına görə, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib ki, Azərbaycana qarşı sanksiya tətbiq etmək cəhdləri əvvəl də olub:

"90-cı illərdə ABŞ-ın Azərbaycana qarşı tətbiq etdiyi 907-ci düzəliş buna misaldır. Amma bu, Azərbaycana mane olmadı. Azərbaycan gücləndi, qüvvətləndi, öz torpaqlarını işğaldan azad etdi. O vaxt 907-ci düzəliş Azərbaycana təsir etmədisə, indi öz torpaqlarını azad etmiş, güclü Azərbaycanı hər hansı sanksiya ilə yolundan döndürmək mümkün deyil. Azərbaycan bütün dövlətlərlə sülh içərisində fəaliyyət göstərmək modeli tətbiq edir. İnanıram ki, bu günə qədər Prezident İlham Əliyevin yürütdüyü siyasət qalib gəldiyi kimi, bundan sonra da qalib gələcək. Azərbaycanı hər hansı sanksiya ilə yolundan döndərmək mümkün deyil”.

Deputat Müşfiq Cəfərov bildirib ki, ABŞ uzun illər Azərbaycanı strateji tərəfdaş kimi gördüyünü bildirib, hətta NATO və müttəfiqləri Əfqanıstanda hərbi əməliyyatlar üçün Azərbaycandan tranzit kimi istifadə ediblər: "Lakin son 4 ildə Amerikada keçirilən dinləmələri, səsləndirilən çıxışları Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda olan münasibətlərə ciddi zərbə kimi qiymətləndirirəm.

Ağ evin Cənubi Qafqazla bağlı siyasətindəki əsas məqsəd Azərbaycanı regiondakı lider mövqeyindən çəkindirmək üçün dövlətimizə təzyiq etməkdir.

ABŞ Konqresi və Avropa parlamenti kimi beynəlxalq qurumların dövlətimizə qarşı aqressiyasının təməlindəki əsas səbəb Ermənistana olan sevgi deyil. Bütün beynəlxalq aləmə də məlumdur ki, hazırda regionumuz güc savaşının meydanına çevrilmək kimi ciddi bir təhlükəylə üz-üzədir. Çünki Avropa İttifaqı və ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesindən daha çox, digər rəqiblərinin Qafqazdakı rolunun güclənməsindən narahatdır. Bu gün Cənubi Qafqazda mövqe savaşı gedirsə, bunun yeganə günahkarı Ermənistan rəhbərliyidir. Əgər bu dövlət prinsipal və milli maraqlarına arxalanan siyasət yürüdə bilsəydi regionda sülh və sabitlik bərqərar olardı. Bir sözlə, Mərkəzi Asiyaya getmək və qısa yol olaraq, Cənubi Qafqazdan istifadə etmək istəyən güclər sülhə və sabitliyə maneə olur. Bunun üçün də onlar hətta Azərbaycanın daxili işlərinə, digər dövlətlərlə olan münasibətlərinə belə qarışmaqdan çəkinmirlər. Azərbaycanın digər dövlətlərlə imzaladığı tərəfdaşlıq müqavilələri nə Avropa İttifaqı, nə də Ağ evin müzakirə obyekti ola bilməz. Bütün bunları da nəzərə alaraq, dövlətimizi qarşı tərəfi gücləndirib müdafiə etməklə hədələyən ABŞ-la olan sazişlərə xitam verilməsini istəyirik.