Gündəm / Cəmiyyət

Ermənilər Türkiyədə bu adaları alır: “Böyük köç”də pul izi - REPORTAJ


Ermənilər Türkiyədə bu adaları alır:

Türkiyənin İstanbul şəhəri turistlərin ən çox maraq dairəsində olan məkanlarından biridir. 

Şəhərə gələnlər isə ilk olaraq ən gəzməli və görməli yerlərin başında gələn adalara səyahət edirlər. İstanbulda "Şahzadə adalar”ı olaraq tanınan böyük və kiçik olmaqla cəmi 9 adadan isə ən çox 4-ü ziyarətçilər tərəfindən maraqla qarşılanır. Həmin adalar Büyükada, Kınalıada, Heybeliada və Burgazadadır. "Cümhuriyət”in əməkdaşı Büyükada və Heybeliadaya səyahət edərək, adalarda olan yaşayış şəraiti ilə tanış olub.

Gəmilərdə quşları yemləmək...

Yerli əhalinin və turistlərin adalara səyahəti üçün özəl və dövlət gəmiləri təklif olunur ki, dövlət gəmilərinin 1 nəfər üçün qiyməti 5.20 türk lirəsi (1.63 AZN), özəllərin isə 1 nəfər üçün qiyməti 10 türk lirəsidir (3.14 AZN). Gəmilərdə çay, meyvə suları, şirniyyatlar və yüngül yeməklər sərnişinlərə təklif olunur. Qiymətlər isə quruya nisbətən yüksəkdir. Həmçinin gəminin göyərtəsində quşları yemləmək üçün də icazə verilir ki, burada insanlar birbaşa quşlarla təmasda olurlar. Buna isə turistlərlə birlikdə yerli əhali də böyük maraq göstərir. Onlar quşları yemləmək üçün sıraya düzülürlər.

Adaların mərkəzi Büyükada...

Adalar bir qəsəbədir və onun mərkəzi, ən böyüyü Büyükadadır (red- keçmiş adı "Prinkipos” olub). Hətta Ulu öndər Mustafa Kamal Atatürk 1928-ci ilin yaz aylarından etibarən hər il burada olan "Yat Kulübü”nə (Yaxt klub)  gələrək istirahət edirmiş. Büyükadada evlər, turistlər üçün kiçik satış məntəqələri, kafelər, məscid, katolik və erməni kilsələri, məbədlər, muzeylər və s. mövcuddur. Adanın qərb sahilində Nizam, şimal-şərqində isə Təpəköy kəndləri vardı. Adanın cənub nisbətən dağlıq hissəsində isə yaşayış yoxdur. Adada iki iri təpə var. Cənubundakı təpə Yorqi dağıdır ki, onun 211 metr hündürlüyü var. Şimalındakı təpə isə İsa təpəsi adlanır. İki zirvə adasındakı ərazidə Müqəddəs Nikolay kilsəsi yerləşir. Adanın qərbi Dil Burnunda bitir, cənubunda isə çimərlik mövcuddur.

Yaşıllığı ilə ovsunlayan Heybəliada...

Heybəliada turistlərin maraq göstərdiyi ikinci ən böyük adadır. Burada Büyükadadan fərqli olaraq, qəribə pis qoxu var, ancaq buranın yaşıllığı digər adalara nisbətən daha çoxdur. Burada yaşıllıqda əyləşmək üçün isə əlavə pul ödəmək lazımdır. Belə ki, yaşıllığa keçmək üçün 1 nəfər 6 türk lirəsi (1.88 AZN) ödəməlidir. Burada da Büyükada da olduğu kimi evlər, turistlər üçün kiçik satış məntəqələri, kafelər, məscid, kilsələr, muzeylər və s. mövcuddur.

Maşınsız səfər...

Adada avtomobillərin hərəkəti qadağandır  (yanğınsöndürmə, polis və təcili tibbi yardım maşınları istisnadır). Büyükada da isə Heybəliadaya nisbətən maşın sayı çoxdur, bu maşınlar isə adada yaşayan və çalışan sahibkarlara məxsusdur. Adaları gəzmək üçün yerli əhali və turistlərə isə fayton və velosipedlər təklif edilir. Faytonun qiyməti 60 türk lirəsidir (18.86 AZN), velosipedlərin isə günlük kirayəsi 15 türk lirəsidir (4.71 AZN), 1 saatı isə 7.50 lirədir (2.35 AZN).

Mülk sahibləri əksərən ermənilərdir...

Bizimlə birlikdə adaya səyahət edən həmyerlimiz qeyd edir ki, adalar da ən çox ermənilər mülk sahibləridir. Onların bəziləri burada yaşasa da, əksəriyyəti evlərini turistlərə kirayə verirlər. Həmyerlimizin dediyinə görə təkcə Büyükada da deyil, bütövlükdə adalarda mülk sahiblərinin çoxu ermənilərdir. Bunun səbəbi isə əvvəllər ermənilərin bu ərazilərə gələrək, məskən salmalarıdır.

Adalarda qiymətlər "yanır”...

Adalarda yerləşən restoranlarda yeməklər (əksərən kabablar) minimum 15 türk lirəsindən (4.71 AZN), içkilər isə minimum 6.5 (türk qəhvəsi) türk lirəsindən (2.04 AZN), qəlyanaltılar isə 7 türk lirəsindən (2.20 AZN) başlayır. Həmçinin adalarda qarğıdalı 4 türk lirəsinə (1.25 AZN), qovrulmuş şabalıd isə 10 türk (100 qr) lirəsindən (3.14 AZN) başlayaraq təklif edilir. 

Hər tərəf it, pişik, quşlardır...

İstanbulda, eləcə də adalarda həddindən artıq çox it və pişik var. Onların Azərbaycanda olan fərqləri isə çoxdur. Burada olan itlərin hamısının qulağında quduz olmaması ilə bağlı işarə var. Onlar bələdiyyələr tərəfindən peyvəndlənir və təhlükəsizdir. Həmçinin burada olan heyvanlar insanların üzərinə atılmırlar. Onlar turistlərin sevimlilərinə çevriliblər. Turistlərin adalar haqqında fikirlərini də öyrəndik: "İstanbula sırf adalar üçün gəlmişəm”. Büyükadaya səyahət edən rusiyalı Anna bildirir ki, ölkə onun çox xoşuna gəlib: "Xüsusən də adalar çox gözəldir, buranın havası da başqadır. Ən xoşuma gələn gəmidə quşları yemləmək oldu. İlk olaraq qorxsam da, sonradan onlara peçenye verməkdən doymurdum”.

"Adalar Türkiyənin cənnətidir”

Həmyerlimiz, ölkədə magistratura təhsili alan Elvin isə bildirir ki, İstanbul yaşamalı yox, gəzməli şəhərdir: "Burada qədimliyin qorunub saxlanılması, heyvanlara olan qayğı, diqqət, avtobus sürücülərinin mədəniyyəti çox yüksəkdir. Ancaq taksi sürücüləri xüsusilə də turistləri aldadırlar. Bundan başqa İstanbulun bəzi yerləri təhlükəlidir, hətta bəzi küçələrə polislər də qorxularından girə bilmirlər. Bura hansı dostum gəlsə, ilk olaraq adalara getməsini məsləhət bilirəm. Çünki bura təbiətdir, gözəllikdir. İnsanın ruhu məhz adalarda dincəlir. Adalar Türkiyənin cənnətidir”.

"İstirahət günlərini burada keçiririk”

Yerli sakin olan Ali uşaqları ilə birlikdə adaya gəlib: "Vaxt tapdıqca bura ailəvi gəlib, dincəlirik. Bir günümüz elə burada keçir, turistlərin də adalara səyahəti, maraqlanması bizim üçün xoşdur. Onlar tariximizlə maraqlanır, günlərini burada əyləncəli keçirirlər”.

Hicranə İsmayılova
Cebhe.info