Gündəm

Nazirlik: Araz və Kürün suyundan içməli su kimi istifadədə çətinliklər yaranır

http://olke.az/uploads/1551683392/kur.jpg
 
Azərbaycanın mövcud yeraltı su ehtiyatlarının həcmi imkan verir ki, ölkəmiz üçün yerüstü suların çirklənməsi ilə bağlı çətinlik yarandığı zaman ondan istifadə edilsin.

"bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov deyib.

Onun sözlərinə görə, Bakının içməli su ilə təminatı üçün Ceyranbatan Su Anbarının suyundan, Şollar, Oğuz-Qəbələ, Kür su kəmərlərindən gələn sudan istifadə olunur:

"Hazırda ölkəmizdə bir çox şəhərlərin su təchizatında yeraltı su ehtiyatlarından istifadə edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tərəfindən davamlı şəkildə yeraltı su mənbələrinin axtarışı istiqamətində tədbirlər həyata keçirilir və mənbələr müəyyənləşdirilir. Yerüstü su mənbələrinin olmadığı ərazilərdə, yeraltı su mənbəyinin müəyyənləşdirilməsi üçün geoloji kəşfiyyat işləri aparılır. Suyun keyfiyyətinin sanitar normalara cavab verdiyi ərazilərdə yeraltı su mənbələrindən içməli su kimi istifadəyə icazə verilir”.

 

Sektor müdiri bildirib ki, Azərbaycanın yeraltı su ehtiyatları 8 milyard kub metr həcmində qiymətləndirilir: 

"Bu, az göstərici deyil. Yəni bu gün istehlak etdiyimiz qədər yeraltı su ehtiyatımız var. Bu su ehtiyatları gələcəkdə bizim üçün yerüstü su ehtiyatlarının çatışmazlığı ilə bağlı çətinlik yarandığı təqdirdə, ondan istifadə etməyə imkan yaradır.

Araz və Kür çaylarının suyu qonşu ölkələrin ərazisindən çirkələnərək ölkəmizə daxil olur. Ona görə də həmin sudan içməli su kimi istifadədə çətinliklər yaranır və suyun normalara uyğun təmizlənməsi üçün əlavə vəsait tələb olunur. Bununla bağlı həmin ərazilərdə yerləşən bir sıra yaşayış məntəqələrinin su təchizatı yeraltı sular hesabına təmin edilir”.