Gündəm / Cəmiyyət / Səhiyyə

"Çəhrayı göz"dən necə qorunaq?


"Çəhrayı göz” və ya "Adenoviral Keratokonyunktivit" xüsusilə qış və yaz aylarında özünü göstərir. Uzun müddət davam edən və gözləri zədələyən bu tip soyuqdəymə adenovirusların yaratdığı infeksiya kimi tanınır.

"Kanal14.az” xəbər verir ki, qış və yaz aylarında baş verən xəstəliklər arasında olan "çəhrayı göz” virus və ya bakterial infeksiyalar nəticəsində meydana gəlir. Qış aylarında soyuq havalar, qapalı yerlərdə olmaq və mikrobların çoxalması səbəbindən gözlərin çəhrayılaşması hallarına daha çox rast gəlinir.

Bəzən xəstəlik 1-2 həftə ərzində sağalır, bəzən isə 3 aya qədər uzanır və gözün zəifləməsinə  səbəb olur.

Çəhrayı gözün simptomlarını təqdim edirik:

- Gözlərdə qızartı və şişkinlik

- Gözlərdən sulu, yapışqan axıntı

- Gözlərdə qaşınma və yanma hissi

- Göz qapaqlarında yapışma və qabıqlanma

- İşığa qarşı həssaslıq

Bu xəstəlik, adətən, təmas yolu ilə ötürülür. Buna görə də yoluxmuş insanlarla təmasdan qaçmaq vacibdir. Yoluxmuş insanlarla eyni şəxsi əşyalardan, məsələn, dəsmallardan, salfetlərdən və ya yastıqlardan istifadə etməmək də mütləqdir.

Çəhrayı göz adətən öz-özünə yox olur. Ancaq simptomları aradan qaldırmaq və sağalmanı sürətləndirmək üçün bu addımlar tövsiyə olunur:

- Gözləri təmizləmək üçün ilıq su və pambıqdan istifadə etmək.

- Hər gözü ayrı pambıqla təmizləmək.

- Gözləri qıcıqlandıran maddələrdən qaçınmaq.

- Həkimin tövsiyə etdiyi göz damcılarından istifadə.

- Kontakt linzalar taxırsınızsa, infeksiyanın yayılmasının qarşısını almaq üçün onları çıxarın və dəyişdirin.

- Dincəlmək və gözlərinizi qorumaq üçün gün eynəklərindən istifadə edin.