Gündəm / Cəmiyyət

ANS nə vaxt açılacaq?

ANS nə vaxt açılacaq?
 
 

Əgər bu gün ANS-in açılıb-açılmaması ilə bağlı referendum keçirilərsə…

Milli Televiziya və Radio Şurasının (MTRŞ) müasir maddi-texniki bazaya, peşəkar kadrlara malik, informasiya texnologiyalarının üstünlüklərindən istifadə edən kanalların açılmasında maraqlıdır. Bunu qurumun rəhbəri Nuşirəvan Məhərrəmli deyib.

Bütün bu deyilənlərə ANS – SSRİ-nin ilk müstəqil televiziyası da malik idi. Təəssüf ki, kanal artıq 3 ilə yaxındır ki, adıçəkilən qurumun qərarı ilə uydurma səbəblərə görə fəaliyyətini dayandırıb. Kanal terrorçulara dəstəkdə ittiham edilib. İşə baxan Respublika Prokurorluğu da heç nə aşkar edə bilməyib. Yoxsa ölkə ictimaiyyəti bu barədə xəbərdar olardı.

ANS yarananda nə MTRŞ, nə də onun sədri Nuşirəvan Məhərrəmli var idi. Bir daha xatırladaq ki, kanal məhz onun qərarı ilə bağlanıb. Bunu necə etmək olardı? Axı ANS həmişə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan qüvvələrdən olub. Əgər bu gün ANS-in açılıb-açılmaması ilə bağlı referendum keçirilərsə böyük əksəriyyət məhz bu qərarın leyhinə səs verəcək. Təsadüfi deyil ki, bir müddət öncəki çıxışında da deputat Vahid Əhmədov cəmiyyətdə ANS-in yerinin göründüyünü dilə gətirib.
Məhz kanalın əməkdaşlarının peşəkar fəaliyyəti nəticəsində dünya qonşu Ermənistanın işğalçı siyasətindən xəbər tutub. Bu gün ümumili lider Heydər Əliyev, prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyevanın əməyimizə verdiyi yüksək qiymətləri ilə fəxr edirik. Əgər lazım olarsa biz MTRŞ-ə liderlərimizin bu barədə çıxışlarını da təqdim edə bilərik.

N.Məhərrəmlinin sədrlik etdiyi şura yeni kanal açmaq istəyir. Çox gözəl. Demək efirdə sağlam rəqabət olacaq. Bundan qazanan isə Azərbaycan tamaşaçısıdır. Amma bununla yanaşı ANS də açmaq olar. Və o həmişəki kimi Azərbaycanın dövlət maraqlarının keşiyində dayanacaq.

Hələ Sovet vaxtında dahi azərbaycanlı Heydər Əliyev Rusiyanın "Ədəbiyyat qəzeti”nə müsahibə vermişdi. Yazı belə adlanırdı – "Qoy ədalət qələbə çalsın”. Bütün ölkədə o zamankı əsas partiyanın fəaliyyətindəki nöqsanları qorxmadan dilə gətirən H.Əliyevin məqaləsini heyranlıqla oxuyurdular.

Yəqin ki, tarixdə ANS-lə bağlı məsələdə də elə etmək lazımdır ki, ədalət yenidən qələbə çalsın. Bu düzgün olardı – Əliyevsayağı. /istipress.com/