Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

Gədəbəydə ət satanın Bakıda udduğu gözqamaşdıran tenderlər nələrdən xəbər verir

Gədəbəydə ət satanın Bakıda udduğu gözqamaşdıran tenderlər nələrdən xəbər verir

Kanal14.az: - Dekabr ayının 12-də "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tikili və avadanlıqların cari təmiri üzrə keçirmiş olduğu kotirovka sorğusunu tamamladığını açıqlayıb və dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə "M-KONTAKT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 32.227,28 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır.

Bu satınalma proseduru ətrafında apardığımız araşdırmada məlum oldu ki, MMC son səkkiz ayda onlarla tenderin qalibi olub. Dahə ətraflı araşdırdıqda daha da maraqlı məlumatlarla üzləşdik. Əvvəlcə rəsmi dövlət orqanlarının MMC barəsində məlumatlarına diqqət yetirək.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "M-KONTAKT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 24.04.2003-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, İLQAR HƏBİBOV, ev 50C, qanuni təmsilçisi kimi isə Bayramalıyev Mübariz Qəşəm oğlu qeyd olunub.

Qeyd edək ki, cari ilin yanvar ayından MMC-nin müxtəlif dövlət qurumları ilə bağladığı satınalma müqavilələrinə diqqət yetirdikdə qəribə mənzərələrlə rastlaşdıq. Belə ki, dövlət satınalmalarının vahid internet portalında MMC-nin 26.10.2023-cü il tarixdə Milli Depozit Mərkəzi ilə toplantı zalı üçün ofis mebellərinin satınalınması üzrə 8.879,5 manat məbləğində, 20.10.2023-cü il tarixdə DİN Daxili Qoşunlar Baş İdarəsi ilə avadanlıqların və qazanxana avadanlıqlarına, elektrik generatorlarına, su nasoslarına, elektrik tənzimləyicilərinə texniki qulluqların göstərilməsi, təmiri, həmçinin generatorların yağ və filtrlərinin dəyişdirilməsi xidmətlərinin satın alınması üzrə 250.787,17 manat məbləğində, 05.09.2023-cü il tarixdə Dİn Komendant Xidməti ilə mebel inventarlarının alınması üzrə 37.996 manat məbləğində, 04.09.2023-cü il tarixdə "Nizami Tibb Mərkəzi” Publik Hüquqi Şəxsi ilə Mebel və avadanlıqlar”-ın satın alınması üzrə 18.300,62 manat məbləğində, 09.08.2023-cü il tarixdə "Azərsu” ASC ilə təsərrüfat inventarları və ofis avadanlıqlarının satın alınması üzrə 87.013,02 manat məbləğində, 19.07.2023-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə inventarların satınalınması üzrə 8.020,58 manat məbləğində, 19.06.2023-cü il tarixdə Müdafiə Sənayesi Nazirliyi ilə 10.600,03 manat məbləğində, 22.05.2023-cü il tarixdə Bakı Baş Səhiyyə Mərkəzi ilə bərk inventarların satın alınması üzrə 225.000 manat məbləöində, 13.03.2023-cü il tarixdə Qida Təhlükəsizliyi İnstitutu ilə stellajların satın alınması üzrə 39.100 manat məbləğində, 11.01.2023–cü il tarixdə Bakı Turizm İnformasiya Mərkəzi ilə yeni inzibati bina üçün ofis mebellərinin alınması üzrə 47.200 manat məbləğində satınalma müqaviləsi bağlanıldığı açıqlanıb.

Bunlardan əlavə MMC "Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi ilə tikili və avadanlıqların cari təmiri üzrə 37.400,74 manat, Azərbaycan Respublikasının Milli Məclisi ilə mebel, kreslo və digər inventarların alınması və mövcudların təmir bərpa işlərinin satın alınması üzrə 199.056,56 manat məbləğində satınalma müqavilələri də bağlamağı planlaşdırır.

Göründüyü kimi MMC daha çox inventarların satınalması üzrə keçirilmiş tenderlərin qalibi olub. Amma udduğu tenderlərə göz qamaşdıran bu MMC-nin barəsində açıq mənbələrdə heç bir məlumat yoxdu. Maraqlı bir məlumat isə MMC-nin qanuni təmsilçisi Bayramalıyev Mübariz Qəşəm oğlu barəsindədi. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 21 ilun 2023-cü il tarixdə Qurban bayramı günlərində respublika üzrə 138 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərinin siyahısını açıqlayıb. Həmin siyahıda "M-KONTAKT” MMC-nin qanuni təmsilçisi kimi göstərilən Bayramalıyev Mübariz Qəşəm oğlunun Gədəbəy şəhərində qurbanlıq heyvanların satışına icazə verilib.

Maraqlıdır Gədəbəydə ət satışı ilə məşğul olan Mübariz Bayramalıyev həqiqətən də "M-KONTAKT” MMC-nin qanuni təmsilçisidir, yoxsa MMC heç özünün də xəbəri olmadan onun adına yaradılıb. Məmurların yaxın adamlarının, qeyri-müəyyən şəxslərin adına yaradılmış MMC-lər vasitəsi ilə tender prosedurlarının saxtalaşdırılması halları barədə sosial şəbəkə və elektron media resusrslarında demək olar ki, kifayət qədər geniş məlumatlar var. Çox güman ki, bu da onlardan biridir.//Aktualinfo.org