Gündəm / Siyasət / Dünya

Tramp hakimiyyətə qayıtsa, nələr baş verəcək?

Tramp hakimiyyətə qayıtsa, nələr baş verəcək?

Donald Tramp 2024-cü ildə ABŞ prezident seçkilərində qalib gəlsə, böyük ehtimalla Pentaqon, Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsinin əsas vəzifələrinə öz adamlarını təyin edəcək və bu, ona təcrid siyasəti aparmağa imkan verəcək.

"Kanal14.az" Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi 20-yə yaxın keçmiş və hazırkı köməkçi və diplomatla müsahibələrə əsaslanaraq məlumat yayıb.

Agentliyin fikrincə, bu, Trampa müxtəlif məsələlərdə, o cümlədən Çinlə ticarət və Rusiyanın Ukraynaya qarşı müharibəsində ABŞ-ın mövqeyini kökündən dəyişməyə imkan verəcək.

"Reuters" qeyd edir ki, Tramp prezidentliyi dövründə onu bəzi fikirlərindən döndərən yüksək vəzifəli şəxslərdən tez-tez narazılığını bildirib. Xüsusilə, keçmiş müdafiə naziri Mark Esper öz xatirələrində Trampın ABŞ-ın ən böyük ticarət tərəfdaşı olan Meksikadakı narkotik kartellərinə raket zərbələri endirmək təklifinə iki dəfə qarşı çıxdığını bildirib.

"Reuters"in həmsöhbətləri bildiriblər ki, əsas vəzifələrdə daha loyal insanlar Trampa əvvəlki prezidentliyi dövründəkindən "xarici siyasət prioritetlərini daha tez və effektiv şəkildə irəli sürməyə" imkan verəcək. Həmsöhbətlərdən birinin sözlərinə görə, Trampın köməkçiləri Ağ Evi tərk etdikdən sonra deyiblər ki, onlar "Ağ evi idarə etməyə hazır olmayıblar, növbəti dəfə hər şey başqa cür olmalıdır".

"2017-ci ildə onlar Oval kabineti tutanda onunla nə edəcəklərini bilmirdilər. Amma bu, bir daha təkrarlanmayacaq", deyə adı açıqlanmayan Şimali avropalı diplomat bildirib.

Trampın xarici siyasət üzrə əsas müşavirlərindən biri Robert O'Brayen bildirib ki, NATO ölkələri ümumi daxili məhsulun ən azı 2%-ni müdafiəyə xərcləmək öhdəliyini yerinə yetirə bilməsələr, çox güman onlara ticarət tarifləri tətbiq ediləcək.

"Reuters"in məlumatına görə, Trampın mütəmadi ünsiyyətdə olduğu etibarlı məsləhətçilərinin əksəriyyəti ABŞ-ın NATO və Ukraynanı dəstəkləmək üçün çox yüksək qiymət ödəməsindən narahatlığını ifadə ediblər.

Müsahibə verən 8 avropalı diplomat Trampın NATO müttəfiqlərini qorumaq üçün ABŞ-ın öhdəliklərinə əməl edəcəyinə şübhə ilə yanaşdığını və həmçinin Rusiyanın başlatdığı müharibədə Ukraynaya yardımı kəsəcəyi ilə bağlı kəskin narahatlığını ifadə edib.

"Onun ABŞ-ı NATO-dan çıxarmaq və ya Avropanı tərk etmək istəməsi ilə bağlı şayiələr var, əlbəttə ki, bu, həyəcanlı səslənir, lakin biz panikaya düşmürük", deyə Baltikyanı ölkələrdən bir diplomat bildirib.

Trampın üçüncü milli təhlükəsizlik müşaviri, hazırda onu açıq tənqid edən Con Bolton bildirib ki, o, həqiqətən də NATO-dan çıxa bilər. Bu, təxminən 75 ildir Alyansın kollektiv təhlükəsizlik zəmanətlərindən asılı olan Avropa ölkələri üçün şok olardı. Tramp administrasiyasının daha üç keçmiş məmuru (ikisi hələ də onunla əlaqədədir) isə bu ehtimalı rədd edib.