Bu gün Bakının Hövsan qəsəbəsində, eləcə də Sumqayıt və Gəncə şəhərlərində güzəştli satışa çıxarılan ümumilikdə 432 mənzilin seçim prosesi başlayıb.

"Kanal14.az" xəbər verir ki, prosesin başlamasını Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri Fərman Qurbanlı qurumun təşkil etdiyi brifinqdə elan edib.

Qeyd edək ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi-Hava Limanı 12-ci km. "22” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 18 mənzil, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km, "10L” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 379 mənzil, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 34 mənzil, Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən Sumqayıt layihəsi üzrə 1 mənzil satışa çıxarılıb.

"Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 19 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.