Gündəm / Cəmiyyət

Əgər qarşısı alınmasa...

Əgər qarşısı alınmasa...

Kanal14.az: - Bəzən düşünürəm, sosial şəbəkələr 1980-1990-cı illərdə olsaydı, o zaman insanlar ondan necə istifadə edərdilər?

Bir zamanlar telefonu olan, ardından sosial şəbəkə istifadə edən qızlara cəmiyyətdə el dilində desək, pis baxırdılar. Zaman keçdikcə bütün bunlar normal qəbul edildi. Amma, kaş ki, edilməsəydi deyə düşünürəm hərdən.

Biz axı niyə yeniliklərdən düzgün istifadə etməyi bacarmırıq?

1980-1990-cı illərdə televiziya verilişləri də fərqli idi - maarifləndirici idi, mədəni idi. Əgər sosial şəbəkələr o, zamanlar da bu cür aktiv olsaydı, bəlkə də hər kəs bu düşüncə ilə paylaşımlar edilərdi. Necə ki, bu gün istənilən sosial şəbəkədə danışığını, davranışını bilməyən - adına "məşhur" sözü əlavə olunmuş bəzi aparıcıların uşaqdan-böyüyə hər kəsin gülüşünə səbəb olacaq "tövsiyələri"ni hər kəs paylaşır.

"Sosial verliş" adı ilə fəaliyyət göstərən proqramların əksəriyyəti cəmiyyət üçün sözün əsl mənasında çox pis örnəkdir. İnanın, bunu ifadə etmək üçün bundan sərt sözlər olsaydı, onu yazardım.

Bir proqram ki, orada ər-arvad münasibətləri, evin məhrəm mövzuları ictimaiyyət qarşısında, el ağsaqqalları-ağbirçəkləri ilə deyil, nə işlə məşğul olduğu, hansı məzhəbə qulluq etdiyi, ümumiyyətlə kimliyi bəlli olmayan nəfərlərlə müzakirəyə çıxarılır.

Üzləri, qaşları alınmış bəzi ortayaşlı anadan kişi cinsində doğulanlar və vücudunda Allahın verdiyi orqanlardan (dodaq, burun, qaş, çanaq, sinə, saç, dırnaq və s...) əsər-əlamət qalmayan, estetik cərrahların az qala 0-dan yaratdığı qadınlar gənc ailələrə "məsləhət verərək", bir çox ailələrin dağılmasına səbəb olurlar.

Elə yuxarıda təsvir etdiyim obrazların televiziya verilişlərindəki "əvəzsiz zəhmətləri" sayəsindədir ki, bu gün məktəblərdə şagirdlər müəllimin üzünə ağ olur, "uşaq hüquqları"na arxayın olaraq, müəllimin başına hər oyunu açırlar. Çünki, dəqiq bilirlər ki, məsələ ictimailəşən kimi, hamı "şiddət göstərdiyinə görə" müəllimi qınayacaq.

Bundan əlavə, bu günlərdə sosial verilişlərdən birində gördüm, bir məxluq (qadın adına təhqir olar deyə "qadın" demirəm) 3 azyaşlı övladını evdə qoyub, ər evindən çamadanını toplayıb, aran rayonlarından birindən birbaşa Gəncəyə - tik-tokda tanış olduğu oğlanın yanına gedib. Üstəlik də cəmiyyət qarşısında, televiziya ekranında deyir ki, "pis iş görməmişəm ki, ərə getmişəm də". Ər evindən, "ər evinə gəlin gedib".

Çünki, o "hər gün izlədiyi televiziya verilişlərindəki silikon dodaqlı "ekspertlər"dən öyrənib "qadın hüquqları" deyilən bir "müdafiəsi"nin olduğunu.

Başqa bir verlişdə 43 yaşlı qadın deyir məni zorla qaçırdılar, aparıcı da deyir, "Allah ondan razı olsun, savab iş görüb, səni bu yaşda qaçırıb".

Minlərlə istifadəçi də aparıcıların bu sərsəm danışıqlarını kəsib, üzərinə də gülüş səsi əlavə edərək, yayımlayırlar.

Bəli, bir yandan gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etməsi sevindirici olsa da, digər yandan Allahın hədiyyəsi olan o böyük istedadların bu kimi özümüzü biyabr edən bu gərəksiz mövzulara xərcləndiyinə təəssüf doğurur.

Cəmiyyət olaraq hamımız, cəmiyyətin məhvə doğru getdiyindən gileylənirik, demək ki, bunun fərqindəyik.
Bəs cəmiyyət kimdir?
Təbii ki, biz. Odur ki, bu dəyişikliyi özümüz etdik, məhvə aparan yanlışlıqları düzəltmək də bizim əlimizdədir.

Televiziya verilişlərinin məqsədli şəkildə bu formatda hazırlandığını deyirik, demək ki, bunun da fərqindəyik. O, kimi televiziyaları və verlişlərini özlərinə lazımsız hiss etdirmək də bizim əlimizdədir.

Bizi uçuruma aparan cığırdan dönüb, haqq yola yönəlmək, parlaq gələcəyimizin təminatıdır.
Gəlin düşünək və özümüzü haqq yolundan məhrum etməyək.

DogruXeber.az