Gündəm / Siyasət

"Bir və ya bir neçə görüşdən nəticə çıxmayacaq" - AÇIQLAMA


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib.

Tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

"Kanal14.az" bildirir ki, məsələ ilə bağlı "Unikal”a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, görüşü faydalı hesab edir:

"Ümumiyyətlə, birbaşa danışıqlara ehtiyac var. Bizim vasitəçilərə ehtiyacımız yoxdur. Onlar məsələləri daha da uzadırlar. Hər birinin də özünün müəyyən maraqları var.

Birbaşa danışıqlar, sərhəddə görüşlər keçirilməlidir. Gürcüstan da məkan olaraq seçilə bilər. Birgə işçi qrupun iclaslarını da keçirmək vacibdir.

Aydın məsələdir ki, bir və ya bir neçə görüşdən nəticə çıxmayacaq, amma bu bir prosesdir və bu prosesin Azərbaycana bir neçə faydası var.

Birinci fayda ondan ibarətdir ki, növbəti ildən etibarən biz Ermənistanı razılaşmaya yaxınlaşdıra bilərik. İkincisi, Ermənistanla davamlı danışıqlar aparmaqla Azərbaycana qarşı olan beynəlxalq təzyiqləri də azaltmaq mümkündür. Əgər iki tərəf danışıqlar aparırsa, üçüncü tərəf vəziyyəti gərginləşdirməkdən çəkinəcək.

Ona görə də, bu görüşlər və danışıqlar birmənalı olaraq davam etdirilməlidir”, - deyə o qeyd edib.


"Brüsseldə vurğulanan bəndlər Azərbaycanın xeyrinədir" - Politoloq

Politoloq delimitasiya prosesinin nə qədər müddət davam edə biləcəyindən də danışıb:

"Delimitasiya prosesinin nə qədər müddət davam edəcəyini demək çətindir. Bu, danışıqların gedişatından asılı olacaq. Ümumiyyətlə, sülh müqaviləsinin mətni razılaşdırılsa, məncə, sərhədlərin delimitasiya məsələsinin həll edilməsi çətin olmayacaq.

Əsas odur ki, hər iki tərəf bir-biriləriin ərazi bütövlüyünü tanıyıblar. Bu prinsipial məsələ həll olunub. Sülh müqaviləsi imzalansa, digər məsələləri də sürətlə həll etmək mümkün olacaq”.