Gündəm / Cəmiyyət / Sosial / Foto

"Bələdiyyə qədər lazımsız qurum varmı?" - Vətəndaş narazıdır // FOTO


"Bələdiyyə qədər lazımsız qurum varmı?"

Bunu bələdiyyələrdən narazı olan vətəndaşlar deyir. Hansı ki, bu kimi narazılıqlar dəfələrlə "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında yayımlanıb. Buna misal olaraq, Qazax, Sabirabad, İmişli, Xaçmaz, Siyəzən, Saatlı, Ağstafa və digər bir çox rayonların müxtəlif ərazilərinin bələdiyyələri barəsindəki iddiaları yəqin ki, xatırlayırsınız. Hansı ki, onların əksəriyyəti torpaq problemi ilə, Qazax rayon Ağköynək-Qarapapaq bələdiyyə sədrinin məsələsi açıq torpaq alveri ilə, İmişli şəhər bələdiyyəsinin məsələsi isə bələdiyyə sədri Mehman İsmayılovun 'maaş kartı biznesi" ilə bağlı idi.

"İdi" deyərkən, əslində keçmişdə qalmış məsələ deyil, amma nədənsə rəsmi sorğular göndərdiyimiz aidiyyatı qurumlardan biri olan Dövlət Əmək Müfəttişliyi Xidməti Mehman İsmayılovun özünün Əsmər Əkbərovanın işləmədən hər ay maaş aldığını və gətirib onlara təhvil verdiyini etiraf etdiyi halda, ona haqq qazandırmağa çalışaraq, xanımın güya işə gəlmədiyi üçün işdən çıxarıldığı barəsində redaksiyamıza "cavab" məktubu göndərdi, İmişli rayon Prokurorluğu isə hələ də hüquqi tədbir görülməsi prosesini uzatmaqda davam edir.

İndi də Nəsimi rayon sakini Ramin Hüseynzadə sosial şəbəkədə Nəsimi rayon bələdiyyəsindən gileylənib:

"Diqqət! Bu gün mənə Bələdiyyə vergisi (bu absurd vergini icad edənin zatına lənət) bildirişi gəlib, güya mən 5 ildir vergi ödəmirəm. Bildirişdə mənim ünvanım dəqiq yazılıb, amma YVÖK və ata adı yalnışdır. Keçən illərin ödəniş qəbzini təqdim edəndən sonra dedilər ki, səhv olub, düzəldiləcək. Ümid edirəm ki, həqiqətən səhvdir, ödəniş qəbzləri olmayan vətəndaşlardan pul qırtmaq üçün yeni fırıldaq növü deyil.
Hər-halda hər kəsi bu cür hallara hazırlıqlı olmağa çağırıram.
Əgər alın tərilə qazandığımız pullarla aldığımız evə görə bu evin alınmasında zərrə qədər bizə köməyi dəyməyən hökumətə qondarma vergi ödəmək məcburiyyətindəyiksə, heç olmasa ikiqat ödəməyək.
Bələdiyyə qədər ikinci lazımsız qurum var mı Azərbaycanda? Nə isə..."





Qeyd edək ki, Nəsimi rayon bələdiyyəsi barəsində belə məzmunlu şikayətə artıq ikinci dəfədir ki, rast gəlirik.

"DogruXeber.az" olaraq bildiririk ki, qeyd edilən narazılıqlarla bağlı Nəsimi rayon bələdiyyəsinin də açıqlamasını dərc etməyə hazırıq.

DogruXeber.az