Gündəm / Siyasət / Cəmiyyət / Təhsil

Haqlı deputatlara qarşı haqsız irad...

Haqlı deputatlara qarşı haqsız irad...

Bir çox sahələrdəki çatışmazlıqlardan bəhs edərkən, müstəqil media və əksər vətəndaşların ortaq tənqid hədəfi millət vəkilləri olur. Elə hamımız bir ağızdan millət vəkillərini millətin problemləri barəsində milli məclisdə məsələ qaldırmamaqda, "ağızlarına su alıb oturmaq"da qınayırdıq.
Amma, Milli məclisin ötən gün keçirilən iclasında yaşananlar, bəlkə də uzun illərdən bəri ilk dəfə bəzi millət vəkillərinin haqqlı olduğunu düşünməyimizə səbəb oldu.

"Kanal14.az" "DogruXeber.az"a istinadən bildirir ki, millət vəkili Razi Nurullayevin bəzi nazirlik əməkdaşlarının özbaşınalıqlarından bəhs edərək, barəsində "qoçuluq edirlər" ifadəsini işlətməsi xanım spiker Sahibə Qafarovanın narazılığına, hətta etirazına səbəb olub və o, "danışıq stilistikasına diqqət etməsi" üçün deputata xəbərdarlıq edib.

Bundan əlavə millət vəkili Etibar Əliyevin istər valideynlər, istər tələbələr, istərsə də təhsil işçilərinin özlərinin belə narazı olduğu, günü-gündən batan təhsil sahəsindəki çıxışı da xanım spikerin "xətrinə dəyib".

Qeyd edək ki, Etibar Əliyev özü də vaxtilə Təhsil Nazirliyində aparıcı mütəxəssis vəzifələrində çalışıb və bu gün də bu sahə ilə yaxından maraqlanan, kifayət qədər elmli şəxsdir. Onun gördüyü və dilə gətirdiyi təhsil sahəsindəki çatışmazlıqlar və yeyinti (yəni təhsilə ayrılan və yoxa çıxan pullar) barəsindəki fikirləri xanım spikeri necə narahat edibsə, xanım danışmaq üçün deputata ayrılan vaxtın "yaxşı ki, 15 deyil, 10 dəqiqə olduğuna şükür edib".

Bu deputatların xalqın problemi barəsində danışması ilə, xanım spikerin iradına tuş gəlməsi, belə düşünməyə əsas verir ki, sən demə onlara problemlər barəsində danışmağa imkan verilmədiyi üçün onlar danışmırmışlar.

Millətin vəkilləri belə xalqın problemlərindən danışdıqda, özlərinə problem yaratmış olurlarsa, spikerin "zövqünə uyğun" danışmaları bəyəniləndirsə, o, zaman milli məclis xalqın nəyinə lazımdır?
Onlar bu fəaliyyətləri ilə yalnız büdcə israfı kimi görünürlər.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır!

DogruXeber.az