Gündəm

Şamaxıda vulkan püskürdü

http://olke.az/uploads/1550034291/vulkan.jpg
 
Gecə saat 02:00 radələrində, Şamaxı rayonunun Quşçu kəndində palçıq vulkanı püskürüb.

"Kanal14.az" xəbər verir ki, bu barədə Oxu.Az-ın bölgə müxbiri məlumat verib.

Bildirilir ki, insanlar vulkanın səsinə oyanıblar. Yaxınlıqda yerləşən yaşayış evlərinin sakinləri təşvişə düşüblər.

Vulkan püskürməsi zamanı yerin altından xaric olunan palçıq təxminən 15-20 metr hündürlüyə qalxıb və iki hektara yaxın əraziyə yayılıb.

Hazırda vulkanda qaynama və palçıq axını prosesi davam edir.

 

Təbiət hadisəsi zamanı evlərə ziyan dəyməyib.

Qeyd edək ki, AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev saytımıza açıqlamasında bildirmişdi ki, fevralın 5-də, gecə saatlarında Şamaxı-İsmayıllı bölgəsində baş verən zəlzələdən sonra dörd vulkan aktivləşə bilər.

O, zəlzələnin Qobustanda "Şıxzərli”, Şamaxıda "Quşçu”, "Dəmirçi”, "Qızmeydan” vulkanlarında aktivləşmə yarada biləcəyini qeyd etmişdi. 

Xatırladaq ki, fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Belə ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə - İsmayıllı ərazisində zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.