Gündəm / Cəmiyyət / Hadisə / Sosial

Vətəndaşın başına görün, nə oyun açıblar... - TƏFƏRRÜAT

Vətəndaşın başına görün, nə oyun açıblar... - TƏFƏRRÜAT

Kanal14.az: - Tərtər rayon sakini, hal-hazırda Xəzər rayonunun Qala qəsəbəsində yaşayan İsmayılzadə Elzamin Yaqub oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, maşınını satdığı adam onu aldadaraq, pulunu vermir:

"Mən, İsmayılzadə Elzamin Yaqub oğlu, yazaraq bildirirəm ki, taksi fəaliyyəti ilə məşğul olmaq üçün 2016-ci ildə "Bank of Baku"dan kredit götürüb maşın aldım. Həyat yoldaşımın səhhətində problem yarandı, həkimlər dedilər ki, əməliyyat olunmalıdır. 1000 manat pulum çatmadığından, maşınımı satdım.

Maşını satdığım adamla notarius vasitəsilə borc müqaviləsi bağladıq. Mənən 2000 dollar pul verib, qalanını 1 il içərisində ödəyəcəyi ilə razılaşdıq.

Həmin vaxt yoldaşımın əməliyyatına görə çox narahatlıq keçirirdim və bu çaşqınlıqla həmin şəxsə etibarnamə vermişəm. Həmin şəxs də maşını başqa bir adama satıb, özü isə Rusiyaya gedib.

Bunu biləndən sonra məhkəməyə müraciət etdim. Başıma olmazın oyunlar açdılar. Maşın əldən-ələ satıldığı üçün, mən artıq 6-cı adam olmuşam. Məhkəmənin əli ilə maşına həbs qoyuldu. Sən demə, maşını axırıncı alan QHT rəhbəri Rasim müəllim imiş. O, məni hədələyərək şikayətimi geri götürməyimi tələb etdi.

Hal-hazırda mənə borclu olan adam Azərbaycandadır. Lakin o, mənə borcunu ödəməkdən boyun qaçırır. Həmin şəxsin maşını da var, pensiya da alır, amma pulumu ödəmir.

Məhkəmənin qərarı ilə 1 dəfə həmin şəxsin pensiyasında kəsib, pulumun müəyyən hissəsini verdilər. Mən indi icra nümayəndəsinə zəng vurmalıyam, xahiş etməliyəm ki, "sən Allah, mənim pulumu al ver". İcraçıların işlərinin adı nədir ki? Bu adamlar həmin vəzifəyə niyə gətirilir? Sanki icra əməkdaşları o pulları ciblərindən verirlər. Məhkəmə qərarı, müqaviləm ola-ola 6-7 ildir pulumu ala bilmirəm. Ancaq "Bank of Baku” məndən faiziylə həmin pulu aldı.

Məni məcbur edirlər ki, Prezident Aparatının, yaxud da nazirliyin qabağında aclıq aksiyası keçirdim, həyatımı sonlandırım”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.