Gündəm / Siyasət / Cəmiyyət

Azərbaycan Hakimiyyəti bu ayrıseçkilik prinsiplərini nəvaxta qədər davam etdirəcək?

Azərbaycan Hakimiyyəti bu ayrıseçkilik prinsiplərini nəvaxta qədər davam etdirəcək?

Müdriklər deyib, "Haqq var, divan da var"...

Amma, deyəsən bizdə bu misal yanlış anlaşılır.

Bu gün ölkədə fəaliyyət göstərən məhkəmələrin böyük əksəriyyətində çalışan, ədaləti sadəcə adam adı kimi tanıyan və hakim kürsüsünə əyləşənlərin çoxu haqqa divan tuturlar.

Ədalətsiz qərarlarla, sifarişli hökmlər oxumaqla onsuz da kiçikdən böyüyə az qala bütün məmurlar tərəfindən əzilən bu xalqı, daha da incidib, sanki məqsədli şəkildə dövlətə, hakimiyyətə qarşı çıxmağa məcbur edirlər.

İllərdir ki, bank-vətəndaş çəkişmələrində bütün hallarda bankların xeyrinə çıxarılan qərarlar, qətnamələr, ədalətsizliyə dözməyib infakt, iflic, şəkər xəstəsi və sair xəstəliklərə tutulan insanların bu gün "kimdən-kimə şikayət edəsən" deməsi kifayət edir ki, xalqın hökumətinə inamının, güvəninin hansı səviyyədə olduğunu görmək mümkün olsun.

Halbuki, bəlkə də sözdə müstəqil hakimiyyət olan məhkəmə sistemində hakim tərəzisini "ağır basan" rüşvət, tapşırıq və xalqa məlum olmayan sair səbəblərdən nəinki hakimiyyət, hətta fələk də bixəbərdir.

İndi hər hansı bir məsələdə yanlış anlaşılma, yaxud narazılıq olan kimi, o dəqiqə qanunlar yada düşür, narazı tərəflərə ədaləti bərpa etmək üçün məhkəməyə müraciət etmək tövsiyyə olunur. Artıq, çox vətəndaş bu hüququndan istifadə etmək istəmir. Bunu hər kəs, eləcə də artıq biz də qəbul etdik ki, məhkəmə hüququndan istifadə etmək sadəcə vaxt itkisi, hakimlərinin ədalətinə güvənmək isə sadəlövhlükdən başqa bir şey deyil.

Bugünə qədər redaksiyamıza müraciət edən hüququ pozulmuş saysız vətəndaşlara verdiyimiz, "məhkəməyə müraciət edin, haqqınızı tələb edin" kimi tövsiyyələrimizə, elə həmin vətəndaşların özləri tərəfindən verilmiş, "eh.. ay müəllim (yaxud, "ay xanım"), kimdən kimə şikayət edim? Hamısı bir bezin qırağıdır" kimi kimi cavabların nə qədər haqlı olduğunu bu gün bir daha anladıq.

Niyə məhz bu gün?!

Çünki, bu gün biz də "DogruXeber.az" informasiya portalı olaraq, yeni yaradılmış Media İnkişaf Agentliyi (MİA) tərəfindən ədalətsizliyə məruz qalmışıq.

Ötən yazılarımızda Media haqqında yeni qanunun şərtlərini yerinə yetirdiyimiz halda, bizim reyestr sorğumuza "davamiyyətsizlik" səbəbi göstərib imtina verdiyi və bu səbəbdən MİA barəsində məhkəmə iddiası qaldırdığımız barəsində məlumat vermişdik.

Uzun müddətdir ki, 1 saylı Bakı inzibati-iqtisadi məhkəməsində hakim kürsüsündə oturan Orxan Həsənov bizi get-gələ salıb, 4 dəfə adına məhkəmə prosesi dedikləri tamaşa qurulub, 5-6 dəqiqə danışılır, vəssalam. Bugünlük bu qədər, bu baxış məhkəməsi idi. 4 dəfə baxış.... və nəhayət səbrimizin sonuna gəldik,

Hakim kürsüsündə əyləşən gənc Orxan Həsənov əvvəlki proseslərdə özünü ədalətli göstərməyə çalışsa da, sonuncu prosesdə davranışların fərqli olduğu nəzərimizdən qaçmadı.

Qərarı proses zamanı verməyib, günün ikinci yarısına saxladıqda isə artıq yekun qərarı özümüz üçün proqnozlaşdırdıq.
Görünür, artıq, "zilə basılmışdı".

Axşam saat 18::00-da isə gözlənilən qərar verildi.

Məhkəmələrdə hakim kürsüsünə əyləşənlərin tapşırıqla qərar vermələri ya onların təcrübəsizliyidir, ya da.....

Əslində, çox şey saymaq olar. İllərdir görə-görə gəlirik. Bir vaxtlar heç kimə lazım olmayan, heç bir işə yaramayan Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu (KİVDF) adlı "çörək yeri" var idi ki, o qurumun Əli Həsənovdan başqa kimsəyə faydası olmadığı barəsində əksər mətbuat nümayəndələri yazırdılar. O, qurumun ləğv edilib, yerinə MİA-nin yaradılması isə heç nəyi dəyişmədi desək, yalan olar.

Adından "inkişaf" sözü olan bu agentlik birbaşa söz azadlığının, müstəqil medianın - ümumiyyətlə Azərbaycan mətbuatının inkişafının əleyhinə iri addımlar atır.

Qarşımıza şərt kimi qoyulan gündəlik 20 özəl xəbər verməyən bir çox saytlar var ki, sözügedən qurum həmin saytları reyestrdən keçirib.

Sual veririk, belə saytlar necə qəbul edilib tərəfinizdən?
Qurumun nümayəndəsi cavab verir ki, "bilirik, elə şeylər var, vaxt gələcək onları da yoxlayıb, tədbir görəcəyik".

Maraqlıdır, bizimlə 1 dəqiqə fərqlə digər saytımızda yayımlanan 1 xəbərin söhbətini 6 aydır məhkəmədə aparan bu qurum, həmin saytları qəbul edərkən, yoxlamadımı?

Elə isə bizi də həmin saytlar kimi "gözüyumulu" qəbul edib, sonra onlarla birgə yoxlayıb, xəbərdarlıq edə bilməzdimi?

Demək ki, burda ya qərəz var, ya da xüsusi tapşırıq.
Bəzi həmkarlarımızın bizə bildirdiyinə görə, onlara yaxın tanışları məsləhət görüb ki, "MiA-nə siyahı prezident administrasiyasından verilir, çalışıb ordan adam tapmaq lazımdır".

Əgər belədirsə, o, zaman 20 xəbər filan kimi şərtlər qoymaq Azərbaycan mediasını ələ salmaq deyilmi?

Elə problemləri yaradan səbəblərin, səbəbkarların çoxu dövlət qurumlarında əsas vəzifələrdə Çalışan Əhməd İsmayılov, Natiq Məmmədli və digər səlahiyyət sahibləri olduğu üçün dünya ölkələrinin ayda su axtardığı dövrdə, Azərbaycan "inkişafla yollarını ayırıb".

İndi Azərbaycanın inkişafı, yalnız məmurların pafoslu çıxışlarındadır, reallıq isə tam fərqlidir.

Bu gün adını dördüncü hakimiyyət deyilən, "Azad mətbuat" deyilən Azərbaycan mətbuatını belə aciz vəziyyətə salan digər "ayrıca hakimiyyət" olan məhkəmə-hüquq sistemində çalışanların, hakim kürsüsündə əyləşənlərin müstəqil verə bilmədiyi qərarlara görədir.

Biz 2020-ci ildə cəbhədə düşmənə qalib olsaq da, informasiya müharibəsində çox-çox geri qalmışıq. Buna səbəb isə məhz ölkə başçısının "Medianın İnkişafı"nda böyük rolu olacağına inandırıldığı yeni qanun layihəsi və yeni yaradılmış "büdcə israfı" MİA-dir.

Bu qurum həm ora ayrılan vəsait üçün yalnız büdcə israfı, həm də bu qədər mətbuat nümayəndələrini beynəlxalq hüquqlardan məhrum etdiyi üçün Avropa məhkəmələrinə sürükləməsi, həm də Azərbaycan tərəfinin Avropa konvensiyasının tələblərinə uyğun olaraq cərimə ödəmək məcburiyyətində qalması ilə dövlət büdcəsinə ziyan vurmaqdır.

Bundan əlavə, yuxarıda müharibədən sitat gətirdik. Cəbhədə düşmənə qalib gələn Qarabağsız böyüyən o igidləri yetişdirənlər bir onları dünyaya gətirən , min bir əziyyətlə böyüdən, bu gün dövlət qurumları qapılarında problem içində aciz qalan valideynlər, bir də illərdir vətənpərvərlik aşılayan mətbuatdır.

Amma, bu gün cəbhədə vəziyyətin gərgin olduğu, düşmənin nəinki cəbhədə, bütün dünyada azərbaycanlılara qarşı təxribatlar törətməkdə, mətbuat vasitəsilə dünyaya qondarma məlumatlar yaydığı bir vaxta Azərbaycan mediasının başı Əhməd İsmayılovla məhkəmə çəkişmələrinə, öz haqqını tələb etməyə və absurd tələbləri yerinə yetirmək üçün ərəbin, ingilisin xəbərini tərcümə edib yayımlamağa qarışıb.

Bu da o deməkdir ki, bütün bunlar bizi içimizdən sarsıtmaq, xalqı acıqlandırıb dövlətə, hakimiyyətə qarşı çıxarmaq üçün kimlərinsə məkrli planlarının ssenarisidir.

Görünən odur ki, özümüz də bilmədən xalq olaraq da, dövlət olaraq da həmin mənfur qüvvələrin niyyətlərinin alətinə çevrilmişik.
Gedişatları izlərkən, ağıla gələn yalnız bu olur.

Qeyd edək ki, məsələni lazım gələrsə Avropa məhkəməsinə qədər aparacaq media subyektinin biri də bizik. Buna görə isə məsuliyyət MİA-nə rəhbərlik etmək üçün o kürsüyə oturdulan Əhməd İsmayılov, hakim kürsülərində əyləşən "əmr qulları" və onların hər ikisini əmrləri ilə idarə edən o qüvvənin üzərindədir
Bizi buna vadar edən məhz onlardır.

Qeyd edək ki, bizi bu qədər hiddətləndirən haqsızlıqları bir yazıya sığdırmağın mümkünsüzlüyü səbəbilə, növbəti yazılarımızda daha ətraflı, "o qüvvə" deyə bəhs etdiyimiz tərəfin adını və sahib olduğu sərvətlərini təqdim edəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az