Bakı Baş Səhiyyə Mərkəzi hib infeksiyası əleyhinə uşaqlara 3 doza peyvənd vurulmasını tövsiyə edib.

"Kanal14.az” xəbər verir ki, Hib peyvəndi - B tipli hemofil infeksiya, difteriya, göyöskürək, tetanus və hepatit B xəstəliyinə qarşı istifadə olunan peyvənddir.


Hib infeksiyası hava-damcı yolu ilə öskürmə və ya asqırma zamanı yayılır. Sağlam insanlar nəfəs alarkən havada olan viruslu damcılar nəfəs yollarına düşüb onları yoluxdura bilər.

Hib infeksiyasından effektiv müdafiə üçün 3 doza (1-ci doza - 2 aylığında, 2-ci doza - 3 aylığında, 3-cü doza 4 aylığında) peyvənd vurdurmaq tövsiyə olunur.

Hib infeksiyasından ən çox halda beynin və onurğa beyninin örtüyünün iltihabı (meningit) baş verə bilər. İnfeksiya təhlükəlidir. 

Xəstəliyə yoluxan uşaqların əksəriyyətinə xəstəxana şəraitində müalicə tələb olunur. Risk qrupuna körpələr və 5 yaşınadək uşaqlar aid edilir. İnfeksiya uzun sürən əlillik və ölümlə nəticələnə bilər.

Hib infeksiyası aşağıdakı ağırlaşmalara səbəb ola bilər:

* Udlağın şişməsi və nəfəsalmanın çətinləşməsi,

* Oynaq iltihabı,

* Dəri infeksiyası,

* Kəskin pnevmoniya,

* Karlıq,

* Ölüm.

Hib infeksiyasının əlamətləri:

* Qızdırma,

* Baş ağrısı və boyun nahiyəsində gərginlik,

* İşığa qarşı həssaslıq,

* Zəif qidalanma, qusma (əsasən, körpələrdə) və s.