Gündəm / Cəmiyyət / Sosial

Möhbalıyev "kasıb işçilərə sədəqə göndərib"

Möhbalıyev

Bu gün Azərbaycanda Milli Mətbuat günüdür.

Yaranmasının 148 ili tamam olur.

Əvvəla bu münasibətlə "DogruXeber.az" informasiya agentliyi adından bütün həmkarlarımızı təbrik edir və işlərinin layiqli şəkildə dəyərləndirməsini arzulayırıq.

Bəli, layiqli şəkildə və önəmli qurumlar tərəfindən.

İndi "layiqli" və "önəmli qurumlar" sözünü mən təsadüfi işlətmədim.

Bildiyiniz kimi artıq 3 gündür jurnalistlərə, Azərbaycan mətbuatına önəm verən idarələr, təşkilatlar və müxtəlif şəxslər tərəfindən təbriklər, hədiyyələr gəlməkdədir.

Ötən gün Azərbaycan Nəşriyyatının qarşısında dayanan bir avtomobil gördüm. O avtomobildən kiçik qutular boşaldılırdı.
Doğrusu mənə maraqlı gəldi. Öyrəndim ki, sən demə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Milli Mətbuat günü münasibətilə jurnalistlər üçün hərəyə qənd, şəkər tozu, çay və bu kimi 1-2 ərzaqdan ibarət balaca bir yardım qutusu gətiribmiş.

Belə yerdə deyirlər, "qoluna çöpdən dirək".

Xatırlayırsınızsa, bir neçə gün əvvəl "DogruXeber.az" informasiya portalında Həmkarlar İttifaqında üzv olmaq istəyərkən, mənə AHİK-in işlərindən birinin "kasıb işçilər"ə yardım etmək olduğunun deyildiyini sizə danışmışdım.
 
"Havayı yeyən" AHİK xalqın cibinə bu yollarla girir... - VİDEO

İndi onların bu balaca yardım qutusunu görəndə içi özüm qarışıq Azərbaycan mətbuatına və mətbuat nümayəndələrinə ürəyim ağrıdı.

Demək ki, bizlər də Səttar Möhbaliyevin "kasıb işçilər" siyahısında imişik...

Amma, yox... Hamımız yox, yalnız hər ay zəhmətlə qazandığı əmək haqqından Həmkarlar İttifaqlarına müəyyən faiz ödəyən dövlət qəzetlərinin əməkdaşları və bir də oradakı bəzi həmkarlarımdan eşitdiyimə görə onlardan tənqid yazmamağa "söz verən" media nümayəndələri bu "yardımdan yararlanıb".

Yəni, "çoxbilmiş" Möhbaliyev "bir daşla iki quş vurub".

Bir qisminin öz maaşı ilə özünə keyfiyyətsiz, ucuzvari ərzaq yardımı edib minnət vurub, bir qismiyləsə necə deyərlər "hamam suyu ilə dost olub". Bir balaca qutu yardımla həmişəlik susdurub.

Əslində, onları qınamıram. Önəmli dövlət qurumlarının dəstəyini görmədikcə, həmkarlar ittifaqı kimi önəmsiz, lazımsız (əslində lazımlıdır, əgər işini qanunvericiliyə əsasən icra edərsə) qurumun əlini əsdirə-əsdirə verdiyi "sədəqə"ni "diqqət" kimi qəbul etməsi normaldır.

Qanunvericilikdə bir dünya işi olduğu halda, əsasən putyovka satışı ilə məşğul olan Həmkarlar İttifaqının gəlirləri barəsində ötən yazılarımızda da dəfələrlə məlumatlar vermişik.

Əlavə olaraq, qeyd edim ki, əldə etdiyimiz məlumata görə Paytaxt ərazisində - Şüvəlan, Mərdəkan kimi qəsəbələrdə yerləşən istirahət mərkəzlərinə putyovkanın qiyməti minimum 700 (yeddi yüz) manatdan başlayır.

Yox, mən çalışan və quruma pul köçürən şəxslər üçün olan qiyməti nəzərdə tutmuram. Zatən, onlara çox zaman "putyovka qalmayıb" cavabı verilir. Bu qiymət qurumun səlahiyyətli əməkdaşlarının əli ilə başqa-başqa şəxslərə satılan putyovkaların qiymətidir.

Bölgələrdə fəaliyyət göstərən və kimlərəsə aid olan digər istirahət mərkəzləri ilə bağlanan müqavilələr və oralara olan putyovkaların qiymətləri barəsində qarşıdakı günlərdə daha geniş, araşdırma yazımız olacaq.

Bizi izləyin !

Redaksiyamız hər kəsin söz haqqını tanıyır!

DogruXeber.az
Jalə Asiman