Gündəm / Siyasət / Cəmiyyət

"Ayaz Mütəllibov dövründən qalmış icra hakimiyyətləri ləğv ediləcək" - ANONSU VERİLİB...


Kanal14.az: - Deputat Erkin Qədirli deyib ki, payızda referendum olacaq. Bunu deyərkən, büdcədə bu ilin axırına qədərki dövr üçün seçki xərclərinin artırılmasına əsaslanıb. Deputat onu da deyib ki, bu referendumla Ayaz Mütəllibov dövründən qalmış icra hakimiyyətləri ləğv ediləcək. Əgər deputatın dediyi kimi, bu, baş verəcəksə, icra hakimiyyətləri regional qaydada prezidentin səlahiyyətli nümayəndələri ilə əvəz oluna bilər. Artıq nazirliklər rayon idarələrini və onların şöbələrini ləğv edib, regional idarələr yaradır.
Deputat onu da deyib ki, parlamentə seçkilərdə proporsional sistem də bərpa olunacaq. Yəni partiya siyahıları ilə seçki. Ehtimal ki, təkadamlıq partiyaların çoxu bu səbəbdən özünü buraxır. AXCP və bəzi başqa partiyalara gəlincə, onlar "Siyasi partiyalar haqqında" yeni qanunun tələblərini qəbul etmirlər; deyirlər ki, qanunun ağırlaşdırıcı hallarda geriyə qüvvəsi yoxdur. Bu partiyalar 5 min üzv haqqında məlumat təqdim etmək tələbini ağırlaşdırıcı hal sayırlar. Ona görə ehtimal ki, onlar gələcəkdə seçkilərdən kənarda qalacaqlar.

Erkin Qədirli referendumun Nazirlər Kabinetinin taleyinə də aydınlıq gətirəcəyini iddia edir. Nazirlər Kabinetinin ya Fransadakı kimi parlamentə tabe edilməsini, ya da ABŞ-dakı kimi ləğv edilib birbaşa prezidentə bağlanmasını təklif edir.

Hər halda referendum ehtimalı varsa, bu, Konstitusiya islahatlarına yönəlmiş olacaq. Bundan əvvəl keçirilmiş referendumlar bu məqsədə xidmət edib.

Referendumla, eləcə də, bu haqda Erkin Qədirlinin açıqlaması ilə bağlı rəsmi bir mövqe hələ ki, bildirilməyib. Ancaq bu, hazırlıqların getmədiyi anlamına gəlmir. Hazırlıq görüldüyü yəqindir. Burada xüsusilə icra hakimiyyətlərinin vəziyyətinə diqqət yetirək. Ramiz Mehdiyevin xeyir-duası ilə təyin olunmuş icra başçılarının çoxu dəyişdirilsə də, bütövlükdə köhnə sistem qalır. Prezident həm yerli hakimiyyət orqanlarının sayını azaltmaq, həm də onları birbaşa özünə bağlamaq niyyətində ola bilər. Bu, yerli orqanların, yerli vəzifəli şəxslərin, aparatların azaldılmasına da yönəlmiş ola bilər. Prezident yeni sistemi artıq işğaldan azad olunmuş ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda sınaqdan çıxarır. Bir sözlə, icra başçılarının gözü yaşlı...
Bizimyol.info