Gündəm / Cəmiyyət / Hadisə

XİN İranda saxlanılan azərbaycanlı tələbəni vəkillə təmin etdi – Anası danışdı

XİN İranda saxlanılan azərbaycanlı tələbəni vəkillə təmin etdi – Anası danışdı

Kanal14.az: - Azərbaycan Xarici İşlər Nazirliyi İranda casusluq ittihamı ilə həbs olunan Azərbaycan vətəndaşı Fərid Səfərlini vəkillə təmin edib.

Bunu Cebhe.info-ya İranda həbsdə saxlanılan Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib. O, vəkilin öz işinə başladığını bildirib:

"Vəkil Güney Azərbaycandandır, artıq öz işinə başlayıb. Fəridin məhkəməsinin vaxtı isə hələ bəlli deyil”.

Fəridlə iki dəfə telefonla danışan Dilarə Əsgərova oğlu ilə son günlər əlaqə saxlamadığını vurğulayıb:

"Fəridlə yenidən danışmamışam, amma bu yaxınlarda danışdıracaqlarını deyiblər”.

Xatırladaq ki, Almaniyadakı Yena Universitetində təhsil alan 27 yaşlı Fərid Səfərli bu il fevralın 20-də eyni universitetdə oxuduğu iranlı qızın ardınca Tehrana gedib. Martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açıldığı bildirilib. İran tərəfi azərbaycanlı tələbəni hazırda həbsdə saxlayır.