Gündəm / Cəmiyyət / Sosial

İlan sancması zamanı nə etməli?

İlan sancması zamanı nə etməli?

Yay mövsümünün əsas təhlükələrindən biri ilan sancmasıdır.

"Kanal14.az” xəbər verir ki, TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayevanın sözlərinə görə, ilan sancması zamanı ilanın diş kanallarında olan zəhər zərərçəkənin bədəninə keçir və zəhərin yayıldığı sahələrə əsasən müxtəlif simptomlara rast gəlinir:

"İlkin olaraq dəri qızarır, şişir, göyərməyə başlayır və zərərçəkəndə qorxu, təşviş, başgicəllənmə, ürəkbulanma, nəfəs darlığı kimi əlamətlər müşahidə olunur. Bu zaman insanların yanlış müdaxilə etməsi zərərçəkənin vəziyyətini daha da ağırlaşdıra bilər.

İlan sancması zamanı zəhərin bədənin müxtəlif sahələrinə yayılmasının qarşısını almaq lazımdır. Yaranı kəsmək, çərtmək, yandırmaq, sarımsaq və ya qatıq kimi vasitələrlə sürtmək qətiyyən olmaz. İlan sancan nahiyəyə çox toxunmaq və hərəkət etdirmək zəhərin daha da yayılmasına səbəb ola bilər. Bu halda zərərçəkəni sakitləşdirib rahat vəziyyət verilməli, mütləq ilan sancan nahiyə hərəkətsiz vəziyyətə gətirilməlidir. Yaranı su ilə yumaq, soyuq kompress qoymaq olar. Zərərçəkənin həyati vacib funksiyalarına (nəbz, tənəffüs) nəzarət etməklə dərhal tibbi yardım çağırmaq və ya yaxında olan tibb müəssisəsinə çatdırmaq lazımdır. Daha sonra həkim nəzarəti altında müəyyən analizlərdən sonra ilan zəhərinə qarşı zərdab tətbiq edilə bilər. Zərdabın effektivliyi isə ilk sutka ərzində özünü göstərməyə başlayır”.