Gündəm / Cəmiyyət / Sosial

"Bir gün bizim kəndi də Söyüdlüdən betər edəcəklər" - MÜRACİƏT


Kanal14.az: - Gədəbəy rayonu, Kəlaman kənd sakini, 1-ci qrup əlil Niyaz Əjdərov tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. "Bizim problemimiz Söyüdlü kəndindəki problemdən az deyil, bir gün bizim kəndi də Söyüdlüdən betər edəcəklər”, - deyən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

"Qeyd edim ki, Gədəbəyin Kəlaman, Hacıalılar, Herkinaz, Kiçik Qaramurad, Daryurd kəndlərində kilsə tikilsə, bəlkə bu kəndlərə də qaz çəkilər. Yəni müsəlmançılıqdan bir şey çıxmadı, bəlkə xaçpərəstlikdən nəsə ola.

Adını yazdığım kəndləri rayon icra hakimyyəti və bu işə məsul olan şəxslər barmağına dolayıb, 14 ildir bizləri aldadırlar. Bu il də icra başçısı şəhid Etibar İsgəndərov adına Hacıalılar kənd məktəbinə gəlib açıqlama verdi ki, keçən ay adını yazdığım kəndlərə qaz çəkilişi başlayacaq, layihədə var. Amma nə oldusa, mavi yanacaq uçan qaz kimi uçub getdi.

Yollarımız bərbad gündədir, bizim Kəlaman kəndinin 5 şəhidi, 30-dan çox müharibə iştirakçısı olmasına baxmayaraq kəndi və kənd sakinlərini adam yerinə qoyan yoxdur. Odun od qiymətinə - 600-700 manatdır, almağa gücümüz çatmır. Bilmirik ki, bu qışı necə başa vuracağıq. Dəhşətdir, problemin sayı-hesabı yoxdur.

Bizim dərdimizi aidiyyəti qurumlara çatdırmağınızı xahiş edirəm”. //Hurriyyet.az//