Gündəm / Cəmiyyət / Sosial

"Saatlıda yoxsul ailələrin ünvanlı sosial yardım almasına ciddi əngəllər törədilir..." - NARAZILIQ VAR!


"Saatlıda yoxsul ailələrin ünvanlı sosial yardım almasına ciddi əngəllər törədilir. Ailə vəziyyətim ağır olmasına baxmayaraq mənə sosial yardım vermirlər. Dəfələrlə müraciət etsəm də, hər dəfə imtina cavabı gəlir”.

"Kanal14.az" bildirir ki, bunu Meydan TV-yə Saatlının Orta Muğan kənd sakini Əsgərov Şamxal Gülverdi oğlu deyir.

Vətəndaşın sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) regional idarəsinin nümayəndələri ailənin maddi-məişət şəraitini yoxlasalar da, hər dəfə müxtəlif bəhanələrlə imtina cavabı verirlər:

"Birinci dəfə dedilər ki, sizin adınıza maşın var. Halbuki maşınım yoxdur. Qışda qızım xəstə idi. Onu məktəbə aparmaq üçün atamın 1973-cü ildən qalma köhnə "Jiquli”sinə bir manatlıq benzin vurub, uşağı dərsə aparıb-gətirmişəm”.

Hazırda əmisinə məxsus evdə kirayə yaşayan Şamxal Əsgərov deyir ki, ƏƏSMN-nin əməkdaşları evdə baxış keçirərkən həyətyanı torpaq sahəsini onun adına hesablayıblar:

"Halbuki ev də, torpaq da əmimindir. Mən burada ayı 50 manata kirayə yaşayıram. Əmim sağ olsun, bir ayın pulunu alanda, beş ayın pulunu götürmür. Çünki ailə vəziyyətimin ağır olduğunu görür. Bu ilin aprelində müraciət etdim, mayda yenə imtina cavabı gəldi. Onlar torpağı hesablayanda dedim ki, buranın mənə aidiyyəti yoxdur. Çünki burada kirayədə yaşayıram. Dedilər ki, siz çəkməyə icazə verməsəniz, biz də sizə imtina verəcəyik. Qayda belədir, çəkilməlidir. Nəticədə də imtina verdilər”.

ƏƏSMN-nin Saatlı regional idarəsindən zənglərə cavab verilməyib.

Meydan TV-nin ƏƏSMN-ə məsələ ilə əlaqədar göndərdiyi sorğu cavablandırılmayıb.

2023-cü il yanvarın 1-dən ayrı-ayrı kateqoriyadan olan şəxslərə təyin edilən müxtəlif növ aylıq sosial müavinətlərin məbləğləri artırılaraq yaşa görə 180 manatdan 220 manata, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 220 manatdan 270 manata, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 manatdan 220 manata, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 120 manatdan 150 manata qaldırılıb.

Həmçinin ailə başçısını itirməyə görə 100 manatdan 120 manata, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə və beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 70 manatdan müvafiq olaraq 100 və 105 manata çatdırılıb.

Dövlət Statistika Komitəsinin son hesabatına görə, bu ilin aprel ayının 1-ə qədər olan müddətdə 72,6 min aztəminatlı ailənin 321,1 min üzvü ünvanlı dövlət sosial yardımı alıb.

Bir nəfərə düşən orta aylıq məbləğ 95,50 manat təşkil edib.//Meydan TV