Gündəm / İqtisadiyyat / Sosial

Bakıda ucuz taksi dövrü arxada qalır? - NƏ ETMƏLİ?

Bakıda ucuz taksi dövrü arxada qalır? - NƏ ETMƏLİ?

Son günlər paytaxtda taksi fəaliyyəti ilə bağlı müxtəlif narazılıqlar öz əksini tapır.

Belə ki, həm taksi qiymətlərinin bahalığı, həm də sürücülərin davranışları sərnişinlər tərəfindən birmənalı qarşılanmır. Hətta bir müddət əvvəl Daxili İşlər Nazirliyi tərəfindən (DİN) daxil olmuş şikayətlər əsasında "Uber” və "Bolt” şirkətlərinin sürücüləri ilə bağlı ciddi tədbirlər görüldüyü bildirilirdi.

Nəqliyyat məslələri üzrə ekpsert Elməddin Muradlı bildirib ki, "Bakıda taksi fəaliyyətinin təkmilləşdirilməsi nəzərdə tutulur və bununla bağlı artıq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Taksi şirkətlərinə tapşırıqlar verilib və xəbərdarlıq edilib.

Yəni, bu, daha sərt tədbirlərin görüləcəyi anlamına gəlməlidir.Taksi sürücüləri ilə bağlı neqativ hallar olanda bir "qaynar xətt" fəaliyyət göstərmir, buna görə də vətəndaşlar məcbur olub polisə müraciət edirlər. Taksi fəaliyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyinə verildikdən sonra, bu istiqamətdə ciddi tədbirlərin görüləcəyinə ümid etmək olar.

Bu sahəyə nəzarət etmək üçün Vahid İdarəetmə Mərkəzi yaradılmalıdır.Taksi fəaliyyətinin tənzimlənməsində mexanizmlər qurulandan sonra bu cür neqativ halları da vaxtında aşkarlamaq mümkün olacaq. Bu gün hər adamın maşının üstünə "şahmat" qoyub, taksi sürücüsü işləməyi düzgün deyil. Yəni bu, bir xidmət sahəsi olaraq belə olmamalıdır".

Qeyd edək ki, bu gün ölkədə sərnişinlərin daha çox üz tutduğu "1 manatlıq" taksilərin fəaliyyətinə qadağa qoyulduqdan sonra sərnişinlər məcbur qalıb yenə baha qiymətə şirkət taksilərindən istifadə etməli olurlar. Həmin "1 manatlıq" taksilərin fəaliyyətinə isə qadağa qoyulmasında məqsəd, həm taksilərin həm də avtobusların sahibi olan şirkətlərin cibini doldurmaq idi.

Taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı qayda qüvvəyə minərsə, ucuz taksi dövrü tamamilə arxada qalacaq?

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Cebhe.info-ya bildirdi ki, nəqliyyat sektorunun aparıcı qüvvəsindən biri də taksi fəaliyyətidir:

"Nəzərə alsaq ki, Bakıda alternativ variantlar yoxdur, ona görə də onun müasirləşməsi, nəzarət mexanizmləri, xüsusilə də işçilərin işə qəbulu və müəyyən prosedurlara, nizam-intizam qaydalarına riayət etmək vacibdir. Ümumiyyətlə, mən düşünmürəm ki, taksi fəaliyyəti nizamlanandan sonra ucuz taksilər sıradan çıxacaq.

Əksinə, vətəndaşlarımız artıq ucuz qiymətə öyrəşib və baha qiymətə olan taksiləri sifariş verməyəcəklər. Ona görə də düşünürəm ki, bu və digər formada taksi fəaliyyəti ilə məşğul olan adamlar bu müqayisəni əsas götürəcəklər. Xüsusilə də bu gün əsas məqam, taksi sürücülərinin müəyyən etik qaydalara riayət etməmələri, qadınlara, kişilərə ümumilikdə sərnişinlərə qarşı mübadilələrində olan problemlərdir. Bu da hamıya şamil olunmur. Belə ki, bunu ən çox şirkətlərdə çalışan, əməkdaşlıq edən taksi sürücülərinə şamil etmək olar.

Qiymətlərlə bağlı isə marşrut sistemi kimi bunu da qaydaya salmaq olar. Bu gün "1 manatlıq" taksilərin olmaması müvəqqətidir. Marşrut, ənənəvi nəqliyyat olmayana qədər belə davam edəcək. O ki qaldı axşam saatlarında taksilərin qiymətləri daha da atırmasına, hazırda günün pik saatlarında taksi fəaliyyət sistemini düzgün quraq, sonra o barədə düşünərik".