Gündəm / Cəmiyyət

“Deyirlər ki, Bakı şəhəri riskli zona olduğu üçün qiymətlər fərqlidir” - Baki sakini sığorta şirkətlərindən narazıdır


Kanal14.az: - Bakı şəhər sakini Əliyeva Mehriban Tofiq qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi icbari sığortadan narazılığını bildirir.

"Mən, Əliyeva Mehriban Tofiq qızı, yazaraq sizə bildirirəm ki, sığorta şirkətləri insanları aldadır. Deməli, mənim məcburi icbari sığortam başa çatmamış, sığorta ücün zənglər gəldi. Hər zaman 1,6 motor avtomobil ücün 41 manat 25 qəpik ödəyirdik. İndi isə mənə dedilər ki, 99 manat və qadağadan çıxarmaq üçün də 10 manat pul ödəməlisən. Bildirdilər ki, qiymət artıb, bu səbəbdən də qiymət sizə yüksək görsənir.

Yaxşı, qiymət artımını başa düşdük, bəs bu qadağa nədir?

Mənə dedilər ki, 2 mühərrikə qədər olan maşınlara qadağa var. Bu məsələ ilə bağlı bir neçə sığorta şirkəti ilə danışdım, hər biri ayrı-ayrı qiymət dedilər. Belə ki, Bakı şəhəri riskli zona olduğu üçün qiymətlərin fərqli olduğunu bildirdilər.

Mənə qaranlıq qalan odur ki, hər zaman 41 manat ödəmişəm, indi isə onun 3 qatını tələb edirlər. Hələ 10 manat da "qadağa üçün” istəyirlər.

Belə başa düşürəm ki, sığortalarda özbaşınalıq çoxdur. İnsafları, vicdanları olmalıdır! Artım olursa, hər yerdə eyni olmalı deyil? Xahiş edirəm bu məsələni işıqlandırın, sığorta şirkətləri bəlkə "yoluna yığılalar””.

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı ilə əlaqə saxladıq. O bildirdi ki, belə bir problem əvvəllər də var idi: "Artıq Mərkəzi Bank bu məsələni həll edib. Bütün sığorta şirkətlərinə tapşırıq verilib, onlar onlayn xidmət yaradıblar. Vətəndaşlar onlayn formada, heç yerə getmədən öz avtomobillərini sığorta etdirə bilərlər. İcbari sığortalar bürosunun saytı var - isb.az, ora daxil olub, vətəndaşlar sığorta işlərini yekunlaşdıra bilərlər. Artıq heç yerə getməyə, kimdənsə kömək istəməyə ehtiyac yoxdur”.

Elməddin Muradlı onu da qeyd etdi ki, yaxşı olar, sığortalar onlayn müraciətlə əlaqəli sosial video-çarx çəkələr və bilməyən vətəndaş da qalmaz: "Bu halda fırıldaqçılığa məruz qalan vətəndaş olmaz. Düşünürəm ki, təbliğat işlərinə ehtiyac var. Əlbəttə, müvəqqəti çətinlikdir, bir müddət sonra problem öz həllini tapacaq”.