Gündəm / Cəmiyyət / Hadisə / Sosial

Sakinlər ilə icra hakimiyyəti arasında kompensasiya qalmaqalı

Sakinlər ilə icra hakimiyyəti arasında kompensasiya qalmaqalı

Kanal14.az: - Xətai rayonu, Nobel prospekti bina 80-ın sakinləri Musavat.com-a müraciət edərək, rayonun icra hakimiyyətindən ciddi narazılıqlarını bildiriblər.
Belə ki, sakinlər iddia edirlər ki, binanın söküntüsü zamanı korrupsiya hallarına yol verilib. Onlar bildiriblər ki, verilən kompensasiyanın miqdarından narazı olduqları halda onlara bildirilib ki, hər kvadrat üçün 1500 manatda artıq heç kimə pul ödənilməyəcək. Bu səbəbdən sakinlərə xəbərdarlıq olunub ki, gəlin, razılıq sənədlərinə qol çəkin, əks təqdirdə binada kommunal xidmətlər dayandırılacaq. Sakinlər deyirlər ki, bundan sonra məcbur qalıb, sənədlərə qol çəkiblər, lakin sonradan müəyyən məqamlar üzə çıxıb. Onlar iddia edirlər ki, bəzi sakinlərə hər kvadrat üçün 1700- 2000 manat ödəniş olunub və həmin sakinlərə tapşırılıb ki, digər qonşular bundan məlumatlı olmasın. Xəbər isə qısa müddətdə yayılıb.

Sakinlər bildirirlər ki, onlar verilən kompensasiyanın azlığı səbəbindən özlərinə hələ də mənzil ala bilməyiblər. İcradan kompensasiya təkrar baxılması istəklərinə isə müsbət cavab verilmir.

Məsələ ilə bağlı Musavat.com Xətai Rayon İcra hakimiyyətinin mövqeyini öyrənməyə çalışıb. Qurumdan bildirilib ki, səslənən iddialar əsassızdır.

"Bütün sakinlərə hər kvadrat üçün bərabər miqdarda kompensasiya ödənilib",- deyə icra hakimiyyətindən verilən açıqlamada bildirilib.