Gündəm / Cəmiyyət / Mədəniyyət

Heykəltaraş: “Gədəbəy və Gəncənin icra başçıları Mir Cəlal Paşayevin büstünü qoymaqdan imtina ediblər”

Heykəltaraş:

Kanal14.az: - Xəbər verdiyimiz kimi, gənc heykəltaraş Elxan Zeynalov XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş, görkəmli alim, yazıçı, pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyi münasibətilə hazırladığı büstün Gədəbəy rayonunda qoyulması ilə bağlı Gədəbəy rayon icra başçısı Orxan Mürsəlova müraciət ünvanlayıb. Lakin icra başçısı büstün Gədəbəydə qoyulmasından imtina edib.

Siam.az-ın məlumatına görə, bu barədə Pravda.az-a danışan Elxan Zeynalov bildirib ki, Gədəbəy RİH heykəlin postamentini hazırlatmaq üçün maddi vəsait ayırmamaqdan ötrü bəhanə gətirib.

"İcra başçısının birinci müavini Natiq Nağıyev təklif etdi ki, Mir Cəlal Paşayevin fəaliyyət göstərdiyi yeddillik məktəbdə onun üçün ayrılan otağa qoysunlar. Onun sözlərinə görə, məktəbdə büstü qoymaq üçün Təhsil Nazirliyi pul ayırmalıdır. Bu təkliflə razılaşmadım, çünki büst monimental əl işidir deyə, onu qapalı yerdə saxlamaq olmaz. Bildirdim ki, Gədəbəyin əlverişli guşəsində büstü qoyub, ətrafında kiçik bağ salmaq olar. Natiq Nağıyev isə cavabında dedi ki, "axı o zaman pulu Təhsil Nazirliyi ayırmayacaq...” Aydındır ki, RİH büstün postamenti üçün xərc çəkmək istəmir. Sonra yenə əlaqə yaratmaq istəsəm də, N.Nağıyev mesajlarımı oxuyub, cavab yazmadı. Ayıbdır, bu, Mir Cəlal Paşayevə böyük hörmətsizlikdir”, - E.Zeynallı bildirib.

Onun sözlərinə görə, Gədəbəy RİH büstə sahib çıxmadığına görə Gəncə rayon icra başçısı Niyazi Bayramova müraciət ünvanlayıb: "Lakin onlardan da müsbət cavab ala bilmədim. Başçının birinci müavini Səməd Tomuyev təklifimdən imtina edildiyini bildirdi”.

Xatırlatma: Mir Cəlal Paşayev 1928-ci ildə Gəncə Darülmüəllimi bitirdikdən sonra Gədəbəy yeddiillik məktəbində müəllimlik edib. O, 1929–1930-cu illərdə 1 №-li Gəncə şəhər məktəbində direktor vəzifəsində çalışıb.

Məsələ ilə bağlı Gədəbəy Rayon İcra Hakimiyyətinə və Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu göndərilib.//siam.az