Gündəm / Cəmiyyət / Sosial / Foto

"Burnumuzun dibində" hasarla mühafizə olunan infeksiya mənbəyi - FOTO


Allahdandır, ya bəndədəndir bilmirəm, hər nə sirrdirsə Bakının Nizami rayonuna rəhbərliyi kim edirsə, oksigenə "düşmən" kəsilir. Özü də bunu təkbaşına etmirlər. Azərbaycanda ekologiyanin "bir nömrəli düşməni" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) səlahiyyətli nümayəndələri ilə əlbir olaraq, illərdir ki, Qara Qarayev prospekti boyunca sağ-sol bütün yaşıllıq zolaqlarını məhv edib, iaşə obyektləri tikilməsi üçün iş adamlarına satdılar, kimsə də bugünə qədər onlara "gözün üstə qaşın var" demədi.

"DogruXeber.az" bildirir ki, Səkkizinci kilometr bazarının ətrafı da, içərisi də illərdir üfunət qoxuyur, bundan da narahat olan bir qurum yox. Bütün bunlar azmış kimi, üstəlik də sözügedən bazarın yanında bir neçə il bundan əvvəl yanıb külə dönən "Diqlas" ticarət mərkəzinin yerini də ediblər "zibillik".






Bir neçə ildir hasarın içində qalan bu ərazidə əvvəllər hər kəs hər hansı bir yenidənqurma işlərinin aparıldığını düşünsə də, bu düşüncə özünü doğrultmadı.
İndi həmin əraziyə yay gəlməmiş üfunət qoxusu hakim kəsilib.

Xarab meyvələr, plastik su qabları, klyonka poketlər və digər tullantıların şəhərin mərkəzinə - əhalinin sıx hərəkətdə olduğu və yaşadığı əraziyə haralardan gətirildiyi bəlli olmasa da, yaranmış mənzərə göz önündədir.

Sorağı və görüntüləri redaksiyamıza qədər gələn bu ərazinin bir neçə metrliyində yerləşən Nizami Rayon İcra Hakimiyyətinin bu barədə məlumatsız olması inanılacaq kimi deyil, lakin İcra Hakimiyyətinin tabeçiliyində olan Mənzil Kommunal Təsərrüfat Birliyinin buna göz yumması həm şübhəli suallar, həm də ətrafdakı insanlarda bir "qıcıq" yaradır.

Axı, bu hal onların sağlamlığı üçün böyük təhlükədir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Jalə Asiman