Gündəm / Cəmiyyət / Sosial / Səhiyyə

Bu qurumun üstün fəaliyyətinə görə səlahiyyətləri daha da genişləndi

Bu qurumun üstün fəaliyyətinə görə səlahiyyətləri daha da genişləndi

Uzun illərdir ki, inkişafdan "kilometrlərlə geri qalan" Azərbaycan səhiyyəsi, hazırkı Azərbaycan təhsili kimi "yerlərdə sürünürdü".

Oktay Şirəliyevin Səhiyyə naziri olduğu illərdə səhiyyə sahəsindəki özbaşınalıq, korrupsiya halları ölkə əhalisinin demək olar ki, hamısını narazı salmışdı. İş o həddə çatmışdı ki, hətta haqsızlıqlara dözməyib Səhiyyə nazirini məhkəməyə verənlər belə var idi.

O illərdə səhiyyənin dirçəlməsi üçün atılan addımlar, görülən işlər belə boş vaxt itkisindən başqa bir şey deyildi. Odur ki, bu problemlərin aradan qaldırılması üçün ən doğru addım atıldı.

Belə ki, Prezident İlham Əliyev 2018-ci il dekabrın 20-də Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzaladı.

Müvafiq sərəncama əsasən yeni qurum - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yaradıldı və Səhiyyə Nazirliyinin bəzi səlahiyyətləri ona verildi.

Yeni yaradıldığı zamanlarda quruma rəhbərlik edən Ramin Bayramlı xalqın ümidlərini o qədər də doğrultmadı. Yeni yaradılmasına baxmayaraq, müxtəlif müstəqil medialarda tənqidi materiallar dərc olunmağa başladı.

Qısası, bu narazılıqlar və giley-güzardan sonra, 2021-ci ilin sentyabr ayının 12-də tutduğu vəzifədən istefa verdi.

Ramin Bayramlıdan sonra onu Vüqar Qurbanov əvəz etdi.

"Kanal14.az" xatırladır ki, Vüqar Qurbanov rəhbər vəzifədə hələ əvəzedici olaraq, fəaliyyətə başlayan kimi, Azərbaycan səhiyyəsində çox şey dəyişdi.

O, birinci növbədə barəsində kifayət qədər vətəndaş narazılıqları olan bir çox xəstəxana rəhbərlərini (baş həkim) vəzifəsindən azad edib, yerinə yeni təyinatlar verdi.

Rüşvət mümkün qədər aradan qaldırıldı. Xəstəxanalarda yalnız kağız üzərində verilmiş qərar olaraq deyil, sözün əsl mənasında tibbi sığorta ilə xidmət tətbiq edildi və sair...

Çox keçmədi ki, Müşahidə Şurasının qərarı ilə 2021-ci ilin 13 sentyabr tarixindən etibarən TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru təyin edildi.

Bundan əlavə TƏBİB-in səlahiyyətləri artırılmaqda davam edir. Hətta, ölkə başçısı bu ilin mart ayının 9-da Səhiyyə sahəsində təchizat və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə yeni sərəncam imzaladı.

Edilən dəyişikliklərdə nəzərdə tutulur:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, səhiyyə sahəsində təchizat və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə qərara alıram:

1. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (bundan sonra – TƏBİB) tabeliyindəki tibb müəssisələrinin fəaliyyətinin təşkili məqsədilə onları "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada zəruri iş, xidmət, mal-material və digər ləvazimatla təmin etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan "İnnovasiya və Təchizat Mərkəzi” (bundan sonra – Mərkəz) əmlakı ilə birlikdə TƏBİB-in tabeliyinə verilsin.

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi öz tabeliyində "Səhiyyənin Təminat Mərkəzi” (bundan sonra – Qurum) publik hüquqi şəxsi yaratsın və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. Mərkəzin "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulan təsisçisinin səlahiyyətlərini TƏBİB həyata keçirir;

3.2. Mərkəzin saxlanılması və fəaliyyətinin təmin edilməsi onun fəaliyyətindən əldə edilən gəlirlər, icbari tibbi sığorta sistemindən daxil olan vəsait, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilir;

3.3. Qurumun "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulan təsisçisinin səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

3.4. Qurumun saxlanılması xərcləri 2023-cü il və növbəti illərin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində həyata keçirilir.

4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:

4.1. Qurumun nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etsin;

4.2. Qurumun dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. TƏBİB:

5.1. Mərkəzin nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) iki ay müddətində təsdiq etsin;

5.2. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Mərkəz soyuq zəncir texnologiyalarına uyğun şəraitdə saxlanılması zəruri olan dərman vasitələri üçün balansındakı anbarlardan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ödənişsiz istifadəsini təmin etsin.

7. "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2575; 2019, № 6, maddə 1012, № 12, maddələr 1937, 1953; 2020, № 3, maddə 254; 2022, № 5, maddə 445, № 8, maddə 846) 2-ci hissəsindən "İnnovasiya və Təchizat Mərkəzi,” sözləri çıxarılsın.

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

9. Bu Fərmanın 1-ci və 7-ci hissələri 2023-cü il yanvarın 1-dən tətbiq edilir.


Bütün bunlar və Vüqar Qurbanovun bir müddət əvəzedici olaraq çalışdıqdan sonra ölkə başçısı tərəfindən İcraçı direktor vəzifəsinə təyin edilməsi, onun ölkə başçısının da etimadını doğrultmasının aşkar nümunəsidir.

Lakin, təəssüflər olsun ki, öz içimizdə bunu layiqincə qiymətləndirməyənlər də var.

Şəxsi maraqlarını düşünərək, bu qədər zəhmətlərinə, bu qədər etdiyi gözlə görünəcək qədər üstün dəyişikliklərə, yüksəlişlərə, inkişafa rəğmən Vüqar Qurbanovun barəsində absurd fikirlər səsləndirib, yersiz "ittiham" edənlər var.

Müstəqil mediaların haqq mübarizəsi apardığı bir zamanda bəzilərinin maraqlarına xidmət edərək, Vüqar Qurbanov, Ruslan Əliyev kimi işini, vəzifəsini layiqincə yerinə yetirən tək-tük məmurlara qarşı haqsız şaiyələr yayması, bu xalqa qarşı "düşmənçilik" mövqeyində olmaq deməkdir.

Kanal14.az
Jalə Asiman