Gündəm / Dünya

Cankoy şəhərində partlayış Rusiyanın "Kalibr NK" qanadlı raketlərini məhv etdi: Şəhərdə fövqəladə rejim tətbiq edildi

Cankoy şəhərində partlayış Rusiyanın

Cankoy şəhərində partlayış nəticəsində dəmir yolu ilə daşınan Rusiyanın "Kalibr NK” qanadlı raketləri məhv edilib. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. "Müvəqqəti olaraq işğal olunmuş Krımın şimalındakı Cankoy şəhərində baş verən partlayış nəticəsində Rusiyanın "Kalibr NK” qanadlı raketləri dəmir yolu ilə daşınarkən məhv edilib. Əsrarəngiz "pop” Rusiyanın demilitarizasiya prosesini davam etdirir və Ukraynanın Krım yarımadasını işğaldan azad etməyə hazırlayır”, - məlumatda deyilir.

Kəşfiyyat rəsmiləri xatırladıblar ki, söhbət Rusiya Qara Dəniz Donanmasının yerüstü gəmilərindən buraxılış üçün nəzərdə tutulan raketlərdən gedir. Belə silahların məhvetmə məsafəsi yer hədəfləri üçün 2500 min kilometrdən, dəniz hədəfləri üçün isə 375 kilometrdən çoxdur.

"Kanal14.az"ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Ukrayna pilotsuz təyyarələrinin hücumuna məruz qalan Cankoy şəhərində bələdiyyə səviyyəsində fövqəladə vəziyyət tətbiq edilib, bu barədə şəhər administrasiyasının rəhbəri İqor İvin bildirib.

Krımın rəhbəri Sergey Aksyonov bazar ertəsi axşam bildirib ki, Cankoy bölgəsində hava hücumundan müdafiə qüvvələri pilotsuz uçuş aparatları üzərində işləyib, bir nəfər yaralanıb. İvin qeyd edib ki, şəhərdə bir neçə obyekt və elektrik şəbəkələri zədələnib. Fərdi yaşayış evi, mağaza və peşə məktəbinə ziyan dəyib. Krım rəhbərinin müşaviri Oleq Kryuçkov bildirib ki, pilotsuz təyyarələr partlayıcılardan başqa, qəlpələrlə doldurulub.

"Bələdiyyə səviyyəsində fövqəladə vəziyyət tətbiq edilib", - İvin Krım-24 telekanalına bildirib. Onun sözlərinə görə, şəhər Ukrayna pilotsuz təyyarələrinin vurduğu ziyanı hesablamağa başlayıb.

Kanal14.az
Kamal Əsgərov