Gündəm / Siyasət / Dünya

Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyib

Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyib

Ankarada Finlandiya prezidenti Niinistö ilə görüşən Ərdoğan Finlandiyanın NATO-ya üzvlük protokolunun parlamentdə təsdiqi prosesinə başlamağı qərara aldıqlarını açıqlayıb.

"Kanal14.az” "DW” ( Deutsche Welle” saytına istinad edərək xəbər verir ki, iki liderin təşkil etdiyi ortaq mətbuat konfransında Ərdoğan Finlandiyanın NATO-ya üzvlük protokolunun təsdiqi prosesinə başlamaq qərarına gəldiklərini açıqlayıb.

Prezident Ərdoğan, "Ölkəmizin təhlükəsizlik problemlərinin həllində əldə etdiyi həssaslıq və irəliləyişə əsaslanaraq, Finlandiyanın NATO-ya üzvlük protokolunun parlamentimizdə təsdiq prosesinə başlamağı qərara aldıq” dedi. Finlandiyanın üzvlüklə NATO-nun güclənəcəyinə inandığını ifadə edən Ərdoğan İsveçin üzvlük prosesi ilə bağlı da açıqlamalar verib.

Prezident Ərdoğan İsveçin NATO-ya üzvlüyü ilə bağlı "Prosesin necə gedəcəyi birbaşa İsveçin atacağı konkret addımlarla bağlı olacaq" dedi. Stokholmdakı nümayişlərə işarə edən Ərdoğan "İsveçlə bağlı fərqli yanaşmamız yoxdur” deyib, "Lakin İsveç terrorçuları qucaqlayıb”. 120-yə yaxın terrorçunun siyahısını İsveç baş nazirinə göndərdiklərini ifadə edən Ərdoğan, "Bu terrorçuları bizə verməsə, İsveçə müsbət yanaşmamız mümkün deyil", deyib.

Finlandiyada belə bir hərəkət olmadığı üçün bu ölkəni İsveçdən ayırmaq məcburiyyətində qaldıqlarını ifadə edən Ərdoğan, Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı parlamentdə təsdiqləmə prosesinin seçkilərə qədər yetişməsini arzuladığını bildirib.

NATO-nun Baş katibi Yens Stoltenberq videomüraciət edərək, Türkiyənin Finlandiyanın üzvlük prosesi ilə bağlı qərarını alqışladığını bildirib. Stoltenberq bu addımın həm Finlandiya, həm İsveç, həm də NATO-nun təhlükəsizliyini gücləndirəcəyini deyib və bu məsələnin "mümkün qədər tez" parlamentdə səsə qoyulacağına ümid etdiyini bildirib.

Kanal14.az
N.Məmərli