Gündəm / Cəmiyyət / Mədəniyyət

Qəlbləri titrədən mizrab - İkinci hissə

Qəlbləri titrədən mizrab - İkinci hissə

(Əvvəli öt.n sayımızda)
İstedadlı yazıçı, öz əsərləri ilə insanların qəlbində yer alan, onların sevimlisinə çevrilən, fikir, düşüncə sahibi Təranə MƏMMƏD bu dəfə bir təmqidçi- ədəbiyyatşünas kimi oxucuların görüşünə gəlib. O, gözəl şair, öz dəsti- xətti, öz yolu, öz cığırı ilə seçilən, zəngin yaradıcılıq təcrübəsinə malik olan, gözəl insan Rafail TAĞIZADƏNİN yaradıcılığı haqqında öz ürək sözlərini, poetik və fəlsəfi fikirlərini bizimlə bölüşür. Bu gün Təranə xanımın " ÜRƏKLƏRİ TİTRƏDƏN MİZRAB” yazısının ikinci hissəsini "Kanal14.az” saytının oxucularına təqdim edirik

Şeir, söz, kəlam, uğurlu fikir çox böyük qüvvədir. Yetər ki, sözü anlayan, duyan olsun. Əsl şair oxucunu yalana da inandırmağı bacarmalıdır. Mənə elə gəlir ki, həqiqət dolu şeirləri ilə bərabər Rəfail Tağızadə fantastik, uydurma bir əsər də yazsaydı, yəni yalan da söyləsəydi, biz ona inanardıq. Çünki. onda oxucunu sözlə ovsunlamaq gücü, poetik düşüncə ilə insanı ələ almaq istedadı var.

Şairin şeirləri ürəyə, ruha yaxın olduğundan onların məna qatlarına vardıqca, istər-istəməz gözlərimiz dolur. Kədərdənmi, sevincdənmi, fərəhdənmi, yoxsa bu qədər Vətən eşqli, millət, torpaq, insan sevgili şairin sənə, sənin millətinə, xalqına məxsusluğundanmı?
Bu, sözün belə izah etməyə gücü çatmadığı qürur hissidir. Fərqi yoxdur, əsas odur ki, oxucu şairini şeirləri ilə tanıyır, onunla yaxınlaşır, doğmalaşır.
Dəqiq bilirəm ki, Rəfail müəllim həmişə ya ən yaxşı bildiyini, ya da heç kimin və yaxud çoxunun bilmədiklərini yazır. Çünki o, əvvəlcə yazdığı mövzunu dərindən dərk edib müəyyənləşdirir, sonra da sözləri bir-birinin ardınca elə düzür ki, onun məharətinə heyran olursan. Şairin elə "Qoru məni” şeirini oxumaq kifayətdir ki, onun istedadının və həddən artıq diqqətli müşahidə qabiliyyətinin şahidi olaq:

Bu gecə yuxumu ərşə çəkdirən
Dərdlər göy əskiyə bükəcək məni.
Tutub öz əlimlə, dırnaqlarımla,
Hələ codlaşmamış barmaqlarımla
Məni öz qanıma boyuyacaqdı.
Sonra maddım-maddım baxıb üzümə,
Bu dərdi taleyə bağlayacaqdı.
Qanımı dondurub, səsimi kəsib,
Küyümü içimdə saxlayacaqdı.
Arzular qurtarmır, güman yetişmir,
Uzanan əlimə ümman yetişmir.
Sən məni dənizin üstünə çıxar,
İstərsən yeriyib gedim bu yerdən.
Məni utandırma özüm-özümdən.
Açın bu gecənin qapılarını.
Udacam gecəni hava qarışıq,
Bu dəniz qarışıq, səma qarışıq,
Ulduzlar qarışıq, o Ay qarışıq.
İlahi, sən məni günahdan qoru,
Məni utandırma gecə yanında,
Bu dəniz yanında, o ay yanında,
Məni utandırma onun yanında.
Qoru bu gecəlik günahdan məni,
Qoru bu gecəlik qınaqdan məni...

Rəfail Tağızadənin şeirləri qəlbin simlərinə toxunub titrədən mizrab kimidir. Bu mizrabı şair o qədər ustalıqla, məharətlə işlədir ki, hərdən lap sarı simə də toxunur. Bəzən şeirin bir misrası, sanki şeirdən ayrılıb sənin olur, onun sənin qəlbin üçün nəzərdə tutulduğunu sanırsan. Sanki, sən illərdir məhz o misranı axtarır və məhz Rəfail Tağızadə şeirində tapdığını düşünürsən. Əgər hər kəs şeirlərdən özünə bir misra götürərsə, şeir yaşayar, yaddaşlarda əbədi qalar və hər dəfə kimsə "bu misralar Rəfail Tağızadəyə məxsusdur!”, - deyə bilər.

Ümumiyyətlə, mənə elə gəlir ki, hər bir yaradıcılıq məhsulunun mənbəyi, təməli gözəllikdir. Gözəlliyi görməyənlər, sevməyənlər, ona biganə olanlar heç vaxt uğur qazana bilməz. Vəsf etmək bacarığı yalnız gözəlliyi görənlərə, duyanlara, dəyərləndirənlərə məxsusdur. Rəfail Tağızadə çox dərinlikdə yerləşən, heç kimin görə bilmədiyi incəliyi, gözəlliyi həssaslıqla sezə bilir. Sanki, şair dünyaya gözləri ilə deyil, həssas qəlbi ilə baxır.

Həqiqi sözə vurğun olmağı Tanrının lütfü, tapşırığı kimi qəbul edənlər təkcə aydın, işıqlı düşüncənin diqtə etdiklərini deyil, həmçinin çoxlarına dolaşıq, qarmaqarışıq təsir bağışlayan hissləri də bir yerə yığıb cilalayır, sistemləşdirir və oxucuya təqdim edir. Elə şair var ki, hansısa məlum bir fakta sözlə bəzək-düzək verib şeirə çevirir. Eləsi də var ki, yazacaqlarını ürəyinin süzgəcindən keçirib bizə təqdim edir. Belə şairlər şeirlərində sözlərə ən sonda əl atırlar, çünki sözlərdən əvvəl hislər gəlir. Rəfail müəllim məhz hisslərlə sözün vəhdətindən ilahi poeziya yaradan şairdir. Onun şeirlərində əsas yer hislərindir.

Əslində, Rəfail Tağızadə sevgi şairidir. Onun yazdıqlarında bir dənə də olsun sevgisiz şeir yoxdur. Tanrıya olan imanı və sevgisi ona sevmək və sevilmək kimi gözəl neməti də bəxş edib. Vətən, doğma el-oba, ailə, gözəllik, bəşər sevgisi yaşadır Tağızadə poeziyasını:

Götürüb gedirəm səni özümlə
Gecənin ən sakit, gizlin yerinə.
Qıymaram mən sənə könlümdən başqa
Bir baxış toxuna, yerin bilinə.
Mən səni köksümə sıxıb apardım,
Bürüdüm hissimin burulğanına.
Bir də görərsən ki, qaçıb üzümdən
Dodağım qonubdu dodaqlarına.
İlahi, sən bunda cazibəyə bax!
Bu sevgi özümdən qoparır məni.
Bu xumar gecədə bədirlənən Ay,
Salıb işığına aparır məni.

Şairin ”Götürüb gedirəm səni özümlə” şeirindəki incəlik, gözəllik oxucunu yaxşı mənada təəccübləndirir. O incəlik, gözəllik, ilahi sevgi şairin özünə, eləcə də bizə ”İlahi, sən bunda cazibəyə bax!” dedirtməyi bacarır.

Ömrümüzün bütün fəsillərindəki ayrı-ayrı məqamlar - sonbaharda yarpaq tökümü, qışın oğlan çağında yağan bəmbəyaz qar, baharın çiçəkləyən ağacı və yayın rəngarəng çiçəkləridir Rəfail Tağızadə poeziyası. Onun şeirləri insanı gah xoş ətir qoxusu kimi bihuş edir, gah da güclü bir ağrıkəsici kimi təsir edib sakitliyə, sükuta qərq edir.

30 ildən çoxdur ki, Qarabağ dərdi, Qarabağ həsrəti hamımızın ürəyinə sağalmayan çatlar qoyub. Hər birimiz bir cümlə ilə də olsa bu yaraya toxunduq, ondan yazdıq, ancaq Rəfail Tağızadə bu dərdi yaşayaraq qələmə aldı. Səngərdə vuruşaraq, ətrafında ölüm görərək, yaxınını, doğmasını itirərək yazdı. Yazdı və yeni "Qarabağnamə”lər yaratdı. Tək əsər kimi yox - həyatıının, ömrünün bir hissəsi kimi. Şairin Qarabağ təəssüratları və düşüncələri, məncə ayrıca bir yazının mövzusu olmalıdır.
Yaradıcılığının ən maraqlı və məhsuldar dövrünü yaşayır Rəfail Tağızadə. Bir zaman Qarabağ həsrətindən yazan qazi şairimiz indi qələbədən, zəfərdən, azad Ağdamdan, azad Şuşadan yazır və yazacaq da. Onun Ağdama, Şuşaya səfərindən - cənnət Qarabağa müqəddəs ziyarətindən sonra yazdığı esselər, publisistik yazılar da şeirləri, poemaları qədər dərin mənalı və möhtəşəmdir. Məhsuldar və çalışqan yazarımıza - eyni vaxtda bir necə işi mükəmməl icra etməyi bacaran bu insana uğurlar arzu edir və səbirsizliklə yeni əsərlərini gözləyirik.

Gözlərində bir röya,
Əllərində bir dəniz,
Gözlərində bir röya,
Yanağın bir ay kimi
İşıq salır gözümə,
Barmaqlarım dalğatək
Telində dalğalanır,
Saçının həzin mehi
Üzümdə sığallanır,
Mənə dikilən baxış
Tökülür üz-gözümə
Mehriban xəyal kimi,
Durub baxıram sənə
Dili donmuş lal kimi,
Bir ömürlük arzular
Damla-damla süzülür
O qönçə dodaqlardan
Ürəyimə bal kimi
Necə də gözəl həyat,
Sığın bu sinəmə, yat.

Belə bir incə və həzin duyğulu misralarla bitirmək istədim şairin poetik dünyasına etdiyim qısa ekskursu. Əminəm ki, gələcəkdə Rəfail Tağızadə yaradıcılığı bir çox tədqiqatların mövzusu olacaq...

Təranə Məmməd, yazıçı- tərcüməçi