Gündəm / Cəmiyyət

Tarixin “Avesta” qitəsi

Tarixin

( Qədim Şərq abidəsində Türk leksemləri )
tarixi-müqayisəli metodun yardımı da əvəzsizdir. Biz "Avesta” ilə bağlı olan bir çox faktları nəzərdən keçirdikdən sonra müəyyən mülahizələr söyləmək istəsək də, abidənin dili haqında son söz söyləmək iddiasından çox uzağıq. Bu, güman ki, qeyri-mümkündür. Çünki əsərin meydana gəldiyi dövrlə bu gün arasında tarixin çox suları axıb, bulanıb, durulub. Çünki "Avesta” öz ilkinliyindən çox uzaqlaşıb. Çünki Abidə öz zəminindən, öz məhvərindən, öz tarixindən ayrılıb. Ən başlıcası isə, əldə olan materiallar "Avesta”nın əsli yox, tərcüməsidir. Problemin ən çətin tərəflərindən biri budur ki, əldə olan tərcümənin kimə məxsusluğu məlum deyil. Və bütün bunlarla yanaşı ortaya daha çətin bir problem çıxır – bəs əsli olmayan, tərcümələrinin hansı dilə (xalqa) məxsusluğu bilinməyən bir əsəri hansı ünvana müncər etmək lazımdır? Elə "ortaqlıq”, "şəriklik” hissləri də bu zaman üzə çıxır.
Araşdırıcıların çoxu indiki halda "Avesta dilini” İran qrupuna daxil olan qədim dillərdən biri hesab edir. Lap dəqiqi, bu dil hind-Avropa ailəsinin, hind-İran, yaxud ari qrupuna aid olunur. Tədqiqatçıların fikrincə, hind-Avropa tayfalarının qədim vətəni indiki orta Asiya ərazisində vahid hind-Avropa icmasının iki yerə parçalanması (hind və İran) miqrasiya ilə əlaqələndirilir. Mülahizələrə görə, qəbilələrdən biri Hindistana (hind tayfaları), digəri isə İrana və Əfqanıstana (İran tayfaları) köçmüşdür. Bu cür parçalanma və labüd köçüş prosesində qəbilələrdən bir çoxunun dili öz müstəqilliyini itirmiş, bəziləri isə dialekt səviyyəsindən çıxaraq konkret dil kimi formalaşmışdır. Vaxtilə mövcud olan həmin dillərdən əksəriyyəti artıq yox olsa da bəzi dillərin əlamət və xüsusiyyətləri qalmaqdadır. Bu isə özünü ən çox toponomik adlarda saxlamaqdadır. Qədim Midiya və skif dillərinin "iz”ləri bu deyilənlərə misal ola bilər. Yazılı abidələrdə isə bizə yalnız iki dilin nümunələri gəlib çatmışdır – Qədim fars dilinin və Avest dilinin. Birinci dilə e.ə. Əhəmənid hökmdarı Dara, Kserks və başqalarının gil parçaları üzərindəki yazıları aid edilir. Bu, müasir fars dilinin ilk nüvəsidir. İkinci təsəvvür və inamların toplusunu əks etdirən Avestadır, daha doğrusu, "Avesta dili”. Tədqiqatçıların əksəriyyəti belə fikirdədilər ki, "Avesta dilinin” son daşıyıcıları parslardır; bu, hazırda İranda yaşayan farslar yox, əsasən Hindistanda yaşayan qədim xalqdır və mənbələrdə də pars xalqı kimi qeyd olunmuşdur. Bütün bunlara baxmayaraq qədim Abidənin taleyi Azərbaycan xalqının həyatı ilə bağlı olmuşdur.

Ardı gələn sayımızda...

Firuz MUSTAFA,
Əməkdar İncəsənət Xadimi, fəlsəfə elmləri doktoru, filosof,
yazıçı- dramaturq.