Gündəm / Cəmiyyət / Sosial

Bayraq olub zirvələrə ucalan qəhrəman

Bayraq olub zirvələrə ucalan qəhrəman

Abduləzimli Emil Rasif oğlu.
1994-cü il dekabr ayının 6-sa Sumqayıt şəhərində doğulub.
Üçüncü sinifə qədər Sumqayıt şəhərində yaşayıb, sonra ailəsi ilə birlikdə Abşeron rayon Masazır qəsəbəsinə köçüblər.

Emil orta təhsilini Masazır qəsəbəsində 2 saylı tam orta məktəbdə davam etdirir. Orta təhsilini bitirdikdən sonra Kooperasiya Universitetinin İqtisadiyyatın İdarə edilməsi fakültəsinə daxil olur.

Ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanan Emil orta məktəbdə nümunəvi şagird, ali məktəbdə nümunəvi tələbə olduğu kimi hərbi xidmətdə də nümunəvi davranışları ilə seçilməyi bacarır.
Hərbi xidmətini başa vurduqdan sonra evinə qayıdır.

Taa körpəliyindən ailəsi tərəfindən aşılanan vətən sevgisi Emilin damarlarına hopmuşdu artıq. O, 20% vətən torpağının düşmən tapdağında olduğunu qəbul edə bilmirdi.

Ailəsinin "Kanal14.az"a bildirdiyinə görə dünyaya gəldiyindən bəri evdə, məktəbdə hər yerdə eşitdiyi "torpaq həsrəti", "düşmən 20% torpaqlarımızı işğal edib", "düşmən Qarabağın adını dəyişərək, "Artsak " adlandırır" və sair kimi ifadələr vətənin oğlu Emilin damarlarında qanını coşdururdu. Amma, hələ ki, təkbaşına əlindən heç nə gəlmirdi.

Emil bu dərdin içində çırpındığı bir vaxtda - 2020-ci ilin sentyabr ayında Ali baş komandanın əmri ilə ordumuz hərəkətə keçdi. Bunu duyar-duymaz Emil dərhal ailəsindən, yaxınlarından xəbərsiz yaşadığı ərazi üzrə hərbi komandanlığa müraciət edir və ordu sıralarına yazılır.
Bu gün Fizulinin, Cəbrayılın, Xocavəndin azad olunmasında digər qəhrəman oğullar kimi Emilin də böyük payı, zəhməti, alın təri var. Emil bu torpaqlarda ölümü düşünmədən döyüşüb.

Lakin, düşmənin amansız atəşləri oktyabr ayının 19-da Emili də yaxaladı və o, oktyabr ayının 29-da Xocavənd uğrunda gedən döyüşlərdən şəhidlik məqamına yüksəldi.
Məzarı Sumqayıt Şəhər Şəhidlər Xiyabanındadır.

Bayraq olub zirvələrə ucalan qəhrəman

Ölkə başçısının müvafiq sərəncamına əsasən ölümündən sonra 1 orden, 4 medal - "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

Vətənin də, xalqın da OĞUL dediyi Emil və minlərlə digər oğullarımız şairin dediyi kimi vətənin "mamır olub qaydasında bitmədi", bayraq olub ən uca zirvələrində dalğalandılar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin !!!

kanal14.az
Jalə Asiman