Gündəm / Cəmiyyət / Sosial

Bu gün həqiqəti deyənlər belə "cəzalandırılır" - Erkin Qədirliyə qarşı...

Bu gün həqiqəti deyənlər belə

Kanal14.az: - Bir vaxtlar Avropa Şurasında ingilis dilində mükəmməl çıxışı ilə dünyanın diqqətini özünün və Azərbaycanın üzərinə çəkən, uzun müddət dünya mediyasının gündəminə olan Milli Məclisin deputatı Erkin Qədirli bu dəfə blogger Mehman Hüseynovun sualına verdiyi cəsarətli cavabı ilə gündəm olub.

Belə ki, Mehman Hüseynovun "Mənə bir nəfər deputatın adını çəkin ki, həqiqətən xalqın səsini qazanıb, Milli Məclisdə oturur" sualına, Erkin Qədirli, - "Vallah onu heç özüm haqqında da deyə bilmərəm. Demokratik seçki olsaydı, əminliklə demək olardı ", cavabını verib.

Qeyd edək ki, onun bu cəsarətli cavabı çoxsaylı vətəndaşlar tərəfindən təqdir edilsə də, digər millət vəkilləri üçün birmənalı qarşılanmayıb.

Dərd burasındadır ki, özlərinin və onlara güvənən yaxınlarının, ailə üzvlərinin adı qanunsuz işlərdə hallanan bəzi deputatlar Erkin Qədirlini Milli Məclisə "böhtan atmaq"da günahlandırıblar.

Biri dedi, "filan seçki dairəsindən soruşa bilərsiniz mən necə deputat olmuşam. Məni xalq seçib."

Adama deyərlər, seçki dairəsindən niye soruşuram, məyər onlar "öz ayranlarına turş dəyərmi"?

Ən yaxşısı vətəndaşlardan soruşmaqdır, onların da əksəriyyəti "and-aman edir, xəbərim yoxdur".
Özü də maraqlıdır ki, bəzi deputatlar Erkin Qədirlini "deputatlara qara yaxan müxtəlifətci" adlandırıblar.

Dağıl, a dünya...

Ardından, "gilas" söhbəti ilə mövsümün gündəmini "bəzəyən", qızının rəhbərlik etdiyi uşaq bağçasında baş vermiş hadisələr, tikdirdiyi obyekti ilə, özünün sərvətləri ilə və sair "gündəm reytinqi"ni buraxmayan Fəzail Ağamalıdan üzlərdə istehzalı təbəssüm yaradan reaksiya gəldi.

O bildirib ki, "Erkin Qədirli bəhs olunan açıqlamalarla arqumentə, reallığa söykənmədən xalqın etimadını qazanan bütün deputatların seçimini, Azərbaycanda gedən demokratik prosesləri şübhə altında qoyub.
Bu, əslində illərdən bəri Azərbaycana qarşı fəaliyyət göstərən, şər, böhtan, iftira yağdıran anti-Azərbaycan qüvvələrinin içərisində yer almaq deməkdir"."

Görəsən, onu yalnız televizorda gördüklərini deyən, Salyan sakinlərinin sosial şəbəkələrdə deputat barəsində yayılan bu qədər giley-güzarına qarşı özləri barəsində "xalqın etimadını qazanmış" deyərkən, əslində nəyi nəzərdə tuturdu?.

Parlament seçkisi ərəfəsində indi güya təmsil etdiyi Salyan rayonundan seçicilər tərəfindən hansı formada yola salındığını da "etimadını qazandığı" bu xalq hələ unutmayıb.

Həmçinin bu siyahıya yaxın günlərdə "DogruXeber.az"da şirkətləri, sərvətlər barəsində ətraflı məlumat verəcəyimiz İqbal Məmmədovu da əlavə etsək, yeridir.

Həmçinin Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Azər Badamov Erkin Qədirlinin seçildiyi seçki dairəsinin yenidən araşdırılmalı olduğundan bəhs edib.

Niyə, təkcə Erkin Qədirli?

Əgər söhbət ədalətdən gedirsə, deputatların əksəriyyətinin əslində təmsil etməli olduqları ərazilərin sakinləri tərəfindən, "biz onu tanımırıq, yalnız televizorda görmüşük" kimi ifadələr işlətdikləri bütün deputatların "seçildikləri" seçki dairələrində yoxlamaların aparılması daha ədalətli olmazmı?

Erkin Qədirli Avropa Şurasında Azərbaycanı yüksək səviyyədə təmsil edərkən, öz çıxışı ilə dünyanın diqqətinə və heyrətinə səbəb olan zamanlar indi sanki, onlara böhtan atılıbmış kimi səs-küy qoparan deputatların səsi bu cür çıxmadı.
İndiki kimi kameralar önünə keçib, həmkarlarını təqdir etmir, alqışlamırdılar.

Erkin Qədirlinin işlətdiyi o ifadə, əslində, deputatlarının izini belə tapa bilməyən, qəbullarına düşüb, dərdlərini deyə bilməyən bütün sıravi vətəndaşların düşündükləridir.

Qeyd edək ki, Erkin Qədirli vətəndaş müraciətlərinə operativ reaksiya verən, həmçinin qaziləri və müharibə veteranlarını gözlətmədən qəbul edib, problemini dinləyən və köməklik göstərmək üçün lazımi addımlar atan - seçicilərini sözün əsl mənasında layiqli təmsil edən şəxsdir.
Bunu biz deyil, əməkdaşlarımıza onun barəsində böyük ürəklə danışan müharibə veteranları deyir.

Kanal14.az
Jalə Asiman