Əlcəzairdə ötən il Camal bin İsmail adlı gəncin yandırılaraq öldürülməsi ilə bağlı mühakimə olunan 102 şübhəlidən 49-u edam cəzasına məhkum edilib.

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, Əl-Beyza Məhkəməsinin heyəti Camal bin İsmayılın ölümündə əli olan 102 nəfərin məhkəməsindən sonra mətbuat konfransı keçirib.


Məhkəmə kollegiyası bildirib ki, 49 təqsirləndirilən şəxs qəsdən adam öldürmə, yandırma, işgəncə və vətənə, əmlaka və insan təhlükəsizliyinə, milli birliyə təhlükə törədən terror aktlarında təqsirli bilinib.

Eyni işdə 17 nəfərə bəraət hökmü çıxarılıb, qalan təqsirləndirilən şəxslərə isə 5 ildən 10 ilədək həbs cəzası verilib.

Əlcəzair hakimiyyəti 1993-cü ildən bəri ölkədə edam hökmlərini birbaşa icra etməsə də, məhkəmələrin çıxardığı qərarlar ağırlaşdırılmış ömürlük həbs cəzası ilə əvəzlənir.

Qeyd edək ki, Əlcəzairli 37 yaşlı Cemal bin İsmayıl 2021-ci ildə ölkənin şimal-şərqində, Tizi-Vizu şəhərində meşə yanğınları zamanı yanğın törətmək ittihamı ilə bir qrup tərəfindən yandırılaraq öldürülüb. 

İsmayılın qətlinin görüntülərinin sosial şəbəkələrdə yayılması ölkədə böyük hiddətə səbəb olub. 

İsmayılın günahsız olduğu və yanğından zərər çəkən rayon əhalisinə kömək etməyə getdiyi sübuta yetirilib.

Əlcəzair rəsmiləri hadisəni fitnə kimi qiymətləndirib və hadisənin arxasında separatçı "Amazig-Berber Kabail Region Öz Müqəddəratını təyinetmə Hərəkatı”nın (MAK) dayandığını açıqlayıb.