Sloveniyada keçirilən prezident seçkilərinin ikinci turunda Natasa Pirc Musar səs çoxluğunu toplayaraq ölkənin yeni prezidenti olub.

"Kanal14.az" xəbər verir ki, Sloveniya Dövlət Seçki Komissiyasının (DVK) rəsmi saytında verilən məlumata görə, səslərin 99 faizi hesablanıb.

Sloveniya Pirat Partiyası və Avropa Yaşıllar Partiyasının dəstəyini alan müstəqil namizəd Pirc Musar 53,86 faiz səs toplayaraq 50 faizlik baryeri keçib. Beləliklə, Pirc Musar ölkənin yeni və ilk qadın prezidenti seçilib.

Qeyri-rəsmi nəticələrə görə, əvvəlki turda ən çox səs toplayan Sloveniya Demokratik Partiyasının (SDS) dəstəklədiyi müstəqil namizəd Anze Loqarın səs nisbəti 46,14% olaraq qalıb.