Gündəm / Cəmiyyət / Sosial / Foto / Video

"Ağanın pulu gedir, nökərin canı çıxır" // FOTO - VİDEO


Çoxları payızı "depressiya fəsil" adlandırır.
Psixoloqlar bunun izahını fərqli verirlər, amma, biz "DogruXeber.az" olaraq, bu deyimə daha fərqli prizmadan yanaşacağıq.

Hərəyə bir cür təsir edən payız, onlarla, bəlkə də yüzlərlə yoxsul ailənin, ocağın evsizlik problemini xatırladır, ya da buna bənzər digər problemləri.

Daha doğrusu, bu problemləri payız yox, payızın sözügedən evlərin damından içəri yağan, yaratdığı palçıq və gölməçələri ilə yolları keçilməz edən yağışlarıdır.

Bakı şəhərində isə "payıza, qışa hazırlıq" söhbəti aidiyyatı qurumlar tərəfindən bir ay, ay yarım əvvəldən başlasa da yalnız soyuq, qar, yağış başlayandan sonra məlum olur ki, yenə də xalqın bu söhbətə inanan saf nümayəndələri "bu il də aldadılıb".

Bakının belə hazırlıqsız rayonlarından biri də Pirallahı rayonudur.
Belə ki, payız yağışlarının gəlişi ilə Pirallahı rayon, İlqar Məcidov küçəsinin sakini ağbirçək Tamella xanımın da "şikayət mövsümü" başlamış oldu.
Ona görə "şikayət mövsümü" deyirik ki, Tamella xanım demək olar ki, hər il buvaxtlar ağlaya -ağlaya üz tutur "DogruXeber.az" redaksiyasına ki, "Yağış başımıza yağır. Damın altında bir çətən külfətimiz var, ailə üzvlərimin əksəriyyəti də azyaşlı nəvələrimdir. Yağan yağış başımıza yağır. İcra Hakimiyyətinə dəfələrlə gedirəm deyirəm, elə hər şikayət etdikcə, arada gəlib baxıb gedirlər. Müsbətə doğru isə heç bir dəyişiklik yoxdur. Yağış yağanda evdə addım atmağa yer olmur. Böyük vanna, vedrələrdən tutmuş, stəkanlara qədər düzürük evə, daman damcıların altına.".







Bəli, Tamella xanımın özünün də bildirdiyi kimi, onun hər il eyni problemi ilə bağlı mediyada gileyi, narazılığı yayımlanır.

Amma, nafilə...

Vasif İmanovun arada gəlib baxıb, 5-6 şəkil çəkib gedən işçilərindən isə hələ də heç bir xəbər yoxdur.

Öz də, hələ bu azmış kimi, xanımın bildirdiyinə görə küçələr də bərbad - keçilməz vəziyyətdədir. Azca yağış yağan kimi hər tərəf olur palçıq, olur gölməçələr.

Biz Tamella xanımın müraciətini "Kanal14" YouTube kanalımızda yayımlanan, "Kamalın zamanı" proqramında öz dilindən, həmçinin "DogruXeber.az" informasiya portalında isə yazaraq, bu il də yayımladıq.

Gerisi qalır Pirallahı rayon İcra Hakimiyyətinə, ya yenə də gəlib baxıb gedəcəklər, ya da bu dəfə "şeytanın ayağını qırıb, buna bir əncam çəkəcəklər.
Hərçənd ki, özümüzün bu son dediyimizə, özümüz də inanmadıq, amma, ümid insanları heyata, sakinlərini hələ də Pirallahıya bağlayır.



Hörmətli Vasif İmanov, fotoda gördüyünüz bu vanna, vedrə və digər məişət əşyaları ora heç də Siyavuş müəllimin dediyi kimi, "yağış suyunu ölçmək üçün" qoyulmayıb.

İdarəçiliyinizdə olan rayonun bu çarəsiz sakini Tamella xanım sizdən səlahiyyətiniz xaricində, yaxud da gücünüzün yetməyəcəyi qədər çox şey istəmir və güman edirik ki, qısa zamanda elə "DogruXeber.az" informasiya portalında rayonunuzun sakini Tamella xanımın mövcud probleminin həlli üçün İcra Hakimiyyətinə olan təşəkkürünü dərc edəcəyik, təbii ki, həll olunarsa.
Məsələ diqqətimizdədir!





O ki, qaldı yol məsələsinə, adamda maraqlı sual yaranır, görəsən yerli bələdiyyələr niyə yığılan pullardan müəyyən qədər ayırıb, bu küçələrə heçolmasa asfalt örtüyü çəkilənə qədər xırda çay daşları tökdürmür?

Bələdiyyə büdcəsinə yığılan pullar nədə istifadə olunur, nəyə xərclənir?

Yeri gəlmişkən, bu cür bərbad, küçələr təkcə Pirallahı rayonunda deyil. Demək olar ki, Bakının bir rayonlarında da hazırda bu vəziyyət yaşanır. Elə yuxarıda təqdim etdiyimiz videolinkdə yəqin ki, Sabunçu rayon Ramana qəsəbəsindəki görüntüləri də gördünüz. Amma, orada vəziyyət biraz fərqlidir.
Görünür, bahalı avtomobilləri ilə "Porsche Adil" ləqəbi verilən Adil Vəliyev gözdən pərdə asmağın yollarını yaxşı bilir.

Ramanada yaşayanlar da təsdiqləyər ki, orada bütün yollar bu vəziyyətdə deyil.
Bəlkə də görənlər düşünür, "görəsən niyə axıra qədər düzəltməyib küçələr" ?...

Biz deyək, siz də bilin. Çünki, həmin bərbad küçələrin sakinləri küçənin çəkilməsi üçün pul verməyiblər. Digər küçələrin sakinləri özləri demək olar ki, ciblərinin pulu ilə, asfalt örtüyü çəkdiriblər. O da ki, müəyyən yerə qədər. Yəni, pulu olmayanların qapısının ağzına qədər.

Yuxarıda videoda da gördüyünüz kimi "oliqarx məmur" kimi tanınan Adil Vəliyevin rəhbərlik etdiyi Sabunçu rayonunun, Ramana qəsəbəsi, Bünyadzadə küçəsinin də müəyyən hissəsi asfalt örtüyü ilə ilə təmin olunub, taa 103 ünvanına qədər. 103 ünvanında yaşayan şəxs, sakinlərin sözlərinə görə Birinci Qarabağ qazisidir. Yol çəkilişi üçün hər kəsdən pul yığılarkən, maddi vəziyyətimin çox çətin olduğuna görə bu pulu verməkdən imtina edən qazinin həyət qapısından təqribən 3 metr məsafədə dayandırılıb.

Deyə bilmərik bu küçələrin asfaltlanmasını sənəd üzərində İcra Hakimiyyəti özümü, yoxsa AAYDA həyata keçirməlidir, amma real olanı budur ki, sakinlərin öz maddi vəsaiti ilə aparılıb.

Söz yox ki, yaxınlarda Xətai rayonunda da belə hallar baş vermişdi, lakin o zaman da AAYDA-nin həmin ərazi üzrə səlahiyyətli əməkdaşı redaksiyamıza zəng edib, məlumatın yalan olduğunu demişdi və sakinlərin iddialarını təkzib etmişdi. Burda isə "kor-kor, gör-gör"...

Pul verməkdən imtina edən sakinin qapısına çatmamış yarım qalan küçənin halı ortada...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az