Gündəm / Cəmiyyət / Sosial

Zaur Mikayılov Şəmkirdə görülən işi NİYƏ TƏHVİL ALMIR? - Sakinlər ÇARƏSİZ DURUMDA

Zaur Mikayılov Şəmkirdə görülən işi NİYƏ TƏHVİL ALMIR? - Sakinlər ÇARƏSİZ DURUMDA

Şəmkir rayon Yeni Yol kəndinin sakinləri çıxılmaz vəziyyətdədir. Kənddə subarezian quyusu qazılıb, ancaq suyu yoxdur.

Dövlət hesabına qazılan subartezian quyusunu istifadəyə verən qurum tapılmır.

3 minə yaxın sakini olan Yeni Yol kəndi su üzünə həsrət qalıb. Kəndin ən böyük problemi susuzluqdur. Çörəyi əkinçilikdən, xüsusən tərəvəzçilikdən çıxan yeniyollular su üzünə həsrət qalmağın çətinliyi ilə üz-üzədirlər.

Rəsmi qurumların onları su ilə imtahan etməsindən narazı olan kəndlilər yeni qazılmış subartezian quyusunun sanki onlara göz dağı vermək üçün qazıldığını hesab edirlər.

Yeni Yol kəndinin sakinləri əsasən göyərti əkinçiliyi ilə məşğuldurlar. Subartezian quyusunun istifadəyə verilməməsi işlərinə mane olub. Bu səbəbdən göyəti əkə bilməyiblər. Məhsul götürə bilməyən sakinlər hara üz tutacaqlarını bilmirlər.

Qeyd edək ki, Yeni Yol kəndində subartezian quyusunun qazılması prosesi ölkə prezidentinin sərancamı ilə həyata keçirilib. Ümumilikdə Şəmkir rayonunda 9 subartezian quyusu qazılmalıdır. Onlardan biri də Yeni Yol kəndindəki sözügedən quyudur.

Əldə etdiyimiz məlumata görə, tikintini Norveç şirkəti aparıb. Şirkətin rəsmisi Kamran Hüseynov Belediyye.netə bildirib ki, işlər mərhələli şəkildə həyata keçirilir. Yeni Yol kəndində qazılmış subartezian quyusu da yaxın zamanlarda istifadəyə veriləcək.

Məslələyə aydınlıq gətirmək üçün Şəmkir Suvarma Sistemləri İdarəsinə üz tutduq. Rəsmi qurumdan bildirildi ki, subartezian quyusu yaxın zamanlarda istifadəyə veriləcək.

Quyunun istifadəyə verilməsinin niyə gecikməsi, nə zaman istifadəyə veriləcəyi barədə konkret məlumat almaq mümkün olmadı. Görünüşə görə Yeni Yol kəndində qazılmış subartezian quyusu qeyri-müəyyən zaman kəsiyində istifadəyə veriləcək.

Məlumat üçün bildirək ki, 7 iyul 2021-ci il tarixində prezident İlham Əliyev "Şəmkir və Tovuz rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncamla Şəmkir və Tovuz rayonlarının əhalisi 105153 nəfər olan 17 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Yeni Yol kəndi də, subartezian quyusu qazılması nəzərdə tutulan 17 yaşayış məntəqəsindən biridir.//Belediyye.net