Gündəm / Cəmiyyət / Sosial

“Dəli Pekaşnik” ləqəbli qazi: Qalxıb qışqırdım ki, “hələ ölməmişəm, vura bilməmisiniz”



 
"Səfərbərlik elan olunan kimi döyüşlərə könüllü yazıldım və bu döyüşlərdə iştirak etmək istəyirdim. Əsas məqsədim isə şəhid olmuş dostumun qisasını almaq idi”.

Bu fikirləri Kanal14.az-a açıqlamasında "Dəli Pekaşnik” ləqəbli qazi Amid Salmanlı deyib.

Qazi ilk döyüşünə Füzulidə başladığını bildirib:

"İlk dəfə Füzulidə bizi maşınla aparanda pusquya saldılar və  munemyot  yağışına düşdük. Lakin hamımız cəld dərəliyə uzandıq və oradan atmağa başladıq. Təpələrin arası ilə bir müddətdən sonra öz mövqeyimizə keçdik. Həmin döyüşdə bir yaralımız oldu. Ən çətin döyüşüm Laçında olub, orada 73 nəfər idik və dəstələrə bölündük ki, bir-birimizi qoruyaq. Birinci öndə biz idik və orada 6 nəfərlə mühasirəyə düşdük. Biz mühasirəyə düşəndə düşmən arxadakılara atmağa başladılar ki, köməyə gələ bilməsinlər. Düz 13 saat mühasirədə qaldıq. Həmin döyüşdə qolumdam, biləyimdən yaralandım. İlk dəfə qolumdan yaralandım və sonra güllə branjiletimə dəydi və onun təzyiqi məni arxaya atdı. Güllə sinəmdən dəymişdi deyə, uşaqlar elə bildilər ki şəhid olmuşam. Qalxdım və dedim ki, sağam. Ağacdan budaq kəsdik və onu qoluma bağladım, yaralı  döyüşə davam etdim. Onlar hündürdən atırdılar və mən pekaşnik olduğuma görə uzanıb ata bilmirdim, çünki elə atmağımın heç bir faydası yox idi və belə torpağa dəyəcəkdi. Mən ayaqüstə atırdım, ona görə də, düşmən tərəfindən açıq görünürdüm”. 

Qəhrəmanımız  yaralı olmasına baxmayaraq döyüşməyi, Vətəni müdafiə etməyi özünə borc bilib:

"Döyüş zamanı gördüm ki, barmağım yoxdur, ancaq döyüşümə davam etdim. Çünki mən orada atmasaydım, hər şey ola bilərdi. Döyüş zamanı məni sinəmdən və arxadan vurdular. Ancaq qalxıb qışqırdım ki, "hələ ölməmişəm, vura bilməmisiniz!”. Onda bir də məni vurdular. Onsuz da vura bilmirdilər, ancaq brajiletdən dəyirdi.  5-6 saat döyüşdən sonra bizim gülləmiz qurtardı. Əsgərdə bir daraq güllə qalmışdı və o güllələrdən 6 dənəsini çıxartdıq qırağa qoyduq ki, arxada lazım olacaq bizə. Qalan güllələri aramızda payladıq. Məndə pekaşnik idi deyə, heç bir güllə getmirdi. Komandirə dedim ki, qabaqda erməni meyidləri var və gedim onların silahlarını götürüm. Dedi ki, yox götürmə vurulacaqsan. Elə bu an sağdan güllə atıldı və düşməni yayındırmaq üçün komandir başqa istiqamətə atdı. Çıxdım ki, gedim silahı götürüm, o an məni sinəmdən vurdular və təpədən aşağıya, yəni arxaya yıxıldım.  Komandir döyüş yoldaşlarıma dedi ki, gedin onu çıxardın, öldü. Dedim komandir ölməmişəm, hələ öldürə bilmirlər, sağam. Dedi: "oradan sürünə-sürünə, gəl bura!” Dedim komandir, qabaqda güllə var, gülləni götürüm gəlirəm. Dedi elə et ki, görməsinlər. Onların səngərinə düşdüm və oradakı silahları, daraqları puşlatımın içinə qoydum. Lakin branjiletim yadımdan çıxmışdı, onu götürmək istəyəndə məni vurdular və səngərə düşdüm. Elcan var idi, gələndə onu soruşdum və dedilər ki, o da silahları götürməyə gedib. O anda gördük ki, Elcan gəlir. Və bizə çatanda onu başından snayperlə vurdular və şəhid oldu. Ancaq vurulmazdan qabaq silahları bizə ata bilmişdi. O şəhid olanda hardasa 10-15 dəqiqə ata bilmədik, sonra həmin güllələrdən atmağa başladıq. Ondan sonra isə Nicat adlı yoldaşımız şəhid oldu. Cəmi 4 nəfər qaldıq və sonra iki yoldaşımız da yaralandı. Biz onlara atanda onların bir sözünü eşitdim "YAŞMA”. Onlar "YAŞMA” dedilər və ondan sonra silah səsləri kəsildi.  Komandir dedi qaçırlar və başladıq onları vurmağa. Düz 13 saat yaralı döyüşdüm. Bölüyümüzün yanına gedəndə dedilər ki, elə bildik siz ölmüsünüz. Kəşfiyyatçılar getdilər və dedilər ki, təbrik edirik 37 ermənini məhv etmisiniz. Yəni, biz 6 nəfərlə 37 ermənini məhv etdik”.

Amid Salmanlı erməni postlarında zəncirlənmiş erməni əsgərləri gördüyünü bildirdi:

"Onlarınz çoxu da elə özlərini vururdular. Ən təəccübləndiyim məqam isə o idi ki, ermənilər kilsənin həyətində gül əvəzinə narkotik kolları əkirdilər”.

Vətən Müharibəsi Qəhrəmanı bildirib ki, düz 5 gün ancaq ot yeyiblər və ağacın yarpaqlarından şeh içiblər:

"Bizə qida gələ bilmirdi, çünki maşınları görən kimi vururdular.Ermənilər bizim dilimizdə çox sərbəst danışırdılar. Hətta, bizim formamızı geyinirdilər. Bir dəfə dağa çıxanda puşlatımı və branjiletimi çıxartdım. Pekaşniki götürdüm, dağa qalxdım. Dağa çıxanda erməni maşınları gəlirdi və onların hamısını məhv elədim. Ondan sonra mənə "Dəli Pekaşnik” ləqəbini qoydular”. 


Qeyd edək ki, qəhrəmanımızın qardaşı Şahvələd Salmanlı da  44 günlük Vətən müharibəsində yaxından iştirak edib və Füzuli, Ağdam, Xocavəndin azad olunmasında iştirak edib.  O, Xocavənd istiqamətində gedən döyüşlərdə yararlanmışdır. Lakin yaralanmasına baxmayaraq yenidən döyüşmək üçün geri qayıdıb. O, döyüş növbətçiliyində, gecə düşmənin diversiya qrupunu aşkar edərək izləyib və 3 döyüşçü yoldaşı ilə qrupu pusquya salaraq məhv edib və bir neçəsini əsir götürüb. Ali Baş Komandanın sərəncamı ilə "Cəsur Döyüşçü" və "Cəbrayılın Azad Olunmasına" görə medalları ilə təltif olunub.  Amid Salmanlı isə Ali Baş Komandanın sərəncamı ilə "Cəsur Döyüşçü" fəxri medalı ilə təltif olunub.//demokrat.az