"Kanal14.az" xəbər verir ki, "PRO-ACADEMY”-nin əsas məqsədi Azərbaycanda kibertəhlükəsizlik üzrə yerli və milli kadrların hazırlanması, gənc mütəxəssislərin, həmçinin bu istiqamətdə təhsil alan tələbələrin bilik və bacarıqlarının daha da artırılması yolu ilə onların ölkəmizə qazandırılmasıdır. Zamanımızın ən böyük hədələrindən birinə çevrilən kiber təhdidlər həm fərdlər, həm şirkətlər, həm də dövlətlər üçün ciddi fəsadlar yaradır. Getdikcə daha təhlükəli hal alan bu tendensiya ölkələrin yarana bilən təhdidlərə qarşı öz müdafiə potensialını formalaşdırmasını şərtləndirir. Bu mənada, Azərbaycanda da yüksək biliyə və təcrübəyə sahib olan kiber mütəxəssislərin hazırlanması, onların ölkəmizə qazandırılması əhəmiyyət kəsb edir. 

PROSOL Şirkəti və ADNSU tərəfindən yaradılan akademik mərkəz də məhz bu ümdə ehtiyacın təbii nəticəsi kimi ortaya çıxmışdır. Mərkəz öz tələbələrinə kiber hücum, kiber müdafiə, kiber araşdırma və qiymətləndirmə, kiber siyasətlər, qaydalar və prosedurlar və sair kimi aktual istiqamətlərdə təhsil verəcəkdir. Onu da qeyd edək ki, PROSOL Şirkəti sahib olduğu Kiber Təlim Mərkəzində son bir ildə təmənnasız əsasda 50-ə qədər kiber analitik və mütəxəssis hazırlayaraq ölkə bazarına qazandırmışdır. 

Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı çıxış edərək kibertəhlükəsizliyin ölkəmizdə böyük əhəmiyyət kəsb etdiyini və akademiyanın əsas məqsədinin Azərbaycanın gələcəyinə xidmət edəcək yüksək ixtisaslı kiber mütəxəssislərin hazırlanması olduğunu qeyd etdi. Daha sonra PRO-ACADEMY Şirkətinin həmtəsisçisi və rəhbəri Babək Ağayev, İsrail Baş nazirinin keçmiş müavini, keçmiş Müdafiə naziri Moşe Ya’alon, İsrailin "See Security” kiber akademiyasının təsisçisi və rəhbəri Avi Vaysman rəqəmsal dövrdə kibertəhlükəsizliyin rolu, bu sahədə Azərbaycan və İsrailin ortaq maraqları barəsində çıxış etdilər. 

Tədbirin sonunda PROSOL Şirkətinin Kiber Təlim Mərkəzindən yetişmiş və hazırda Şirkətin aparıcı mütəxəssisləri olan ADNSU tələbələrinin uğur hekayələri, həmçinin PRO-ACADEMY təlim mərkəzində təhsil alacaq 55 tələbədən ikisinin gözləntiləri və fikirləri dinlənildi.