Gündəm / Cəmiyyət / Sosial / Video

"Balam gözümün önündə əriyib gedir" - Müharibə veteranının anası ağlayaraq, canlı yayıma zəng etdi // VİDEO


16.09.2022-ci il tarixində bir ana ağlaya -ağlaya "DogruXeber.az" redaksiyasına zəng edərək, canlı efirə bağlanmaq və sakini olduğu Mingəçevir şəhər İcra Hakimiyyətinin 44 günlük müharibə iştirakçısı olan oğlu Babayev Rasim Asim oğluna qarşı laqeydliyindən danışmaq istədiyini bildirib.

Ana - Babayeva Suqra "DogruXeber.az" redaksiyası ilə telefon əlaqəsi saxladığı zaman bildirdi ki, "Oğlum Babayev Rasim Asim oğlu 2020-ci ildə hərbi səfərbərlik elan edilən kimi müharibəyə ilk - özü də evdən xəbərsiz gedən oğullardan biridir. Müharibənin axırına qədər iştirak edib. Müharibə ərəfəsində əlindən yaralanıb, kəllə-beyin travması alıb. Psixologiyası da ki, tamamilə pozulub. Müalicə etdirmək imkanım olmadı. Elə müharibədən təzə gələn vaxtlar 1-2 dərman yazdılar, o dərmanlar onu sakitləşdirirdi. Amma, belə sakitləşdirirdi ki, uşaq onu içib, bütün günü yatırdı. Ona görə daha mən o dərmanları vermədim. Bu uşaq nə qədər yatmalıdır?! Özümün də ki, normal müalicə etdirmək imkanım yoxdur.
Həm də gəlir yerimiz yoxdur. Elə ovaxtdan Mingəçevir Şəhər İcra Hakimiyyətinə müraciət etdik ki, onu uyğun bir işlə təmin etsinlər, başı qarışsın. Cavab verdilər ki, iş yoxdur, olanda deyərik.

Ovaxtdan bugünə qədər oğlum dəfələrlə gedib İcra Hakimiyyətinə. Hətta bir neçə dəfə ondan xəbərsiz özüm getmişəm ki, övladımın onsuz da müharibədə üzülmüş canı gözümün önündə fikirdən, işsizlikdən, maddi sıxıntılardan daha da məhv olub gedir.

İndi də neçə gündür şəhərə gələn şəhidləri görüb, daha da halı pisləşib.

Bu gün əsəbləşib yenə gedib İcra Hakimiyyətinə, boğaza yığıldığı üçün bu dəfə orada "səs-küy" salıb.

İcra Hakimiyyətindən mənə zəng edib dedilər, "Oğlun burda dava salıb. Gəl bunu apar" . Gözümün yaşını tökə-tökə gedib gətirmişəm. İndi dərman vermişəm yatıb.

Balamın müharibədən Allahın möcüzəsi ilə sağ qayıtmış canı evimin içində, gözümün önündə üzülüb gedir. Mən də anayam, baxıram dözə bilmirəm. İki ildir İcra Hakimiyyətinə ayaq döyürəm ki, balama uyğun iş verin heçolmasa başı qarışsın. Mən onun özünə xəsarət yetirəcəyindən çox qorxuram. Çox xahiş edirəm ya gəlin məndən müsahibə alın, ya canlı efirə qoşun sözümü deyim, bəlkə prezident, ya digər aidiyyatı qurumlar eşidib, balama köməklik edər..."

Bəli, başqalarından fərqli olaraq, ananın balası üçün çırpınışlarına biganə qala bilməyib, dərhal onu agentliyimizin tərkibində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda canlı yayıma bağladıq.



Qeyd edək ki, yayım zamanı xanımı və oğlunu yaxşı tanıyan izləyicilərin bəziləri redaksiyamıza zəng edərək, həqiqətən də həm müharibə iştirakçısı olan Rasim Babayevin səhhətinin, həm də ümumiyyətlə ailənin maddi vəziyyətinin həddindən artıq ağır olduğunu bildirdilər.

Güman edirik ki, ananın bu çarəsizliyini görən Mingəçevir şəhər İcra Hakimiyyəti də, digər aidiyyatı qurumlar da onlara lazımi köməklikləri göstərəcəklər.

Hələlik isə bu sadəcə bir ehtimaldır.
Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az