Gündəm / Siyasət

Azərbaycanla Ermənistan sülh müqaviləsini nə vaxt imzalayacaq? - AÇIQLAMA

Azərbaycanla Ermənistan sülh müqaviləsini nə vaxt imzalayacaq? - AÇIQLAMA

"Bu ilin noyabr ayında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ehtimalı böyükdür".

Bunu "Kanal14.az"a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistanın Baş naziri Nikol Paşinyanın cari ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalanması haqqında çıxışını şərh edərkən deyib.

Siyasi şərhçi bildirib ki, artıq hər iki ölkənin XİN rəhbərliyi altında sülh müqaviləsinin ümumi skeleti hazırlanır: "Brüssel təkcə vasitəçilik missiyasını həyata keçirmir, həm də hər gün orada qəbul edilən qərarların necə yerinə yetirilməsi ilə də maraqlanır və bu işi daimi nəzarət altında saxlayırlar.

Artıq xarici işlər nazirliyinin rəhbərliyi altında sülh müqaviləsinin ümumi skeleti hazırlanmaqdadır. Bununla bağlı işçi qrupu yaradılıb və onlara layihənin hazırlanması tapşırılıb. Sentyabrın sonlarında hazırlanmış layihələrin XİN səviyyəsində müzakirəsi keçiriləcək. Bundan sonra hər iki tərəfin hazırladığı layihəyə uyğun olan şərtlər müəyyən qədər nəzərə alınacaq".

Qabil Hüseynli onu da qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşünə qədər həm sülh sazişinin ümumi müddəaları, həm də sərhədlərin delimitasiyası və demarkasiyası təsdiqlənə bilər: "Hər halda sülh yaratmaq prosesi start götürüb və bu proses davam etməkdədir. Məsələnin kulminasiya nöqtələri sentyabrın sonlarında XİN rəhbərlərinin görüşü, daha sonra isə onların hazırladıqları ortaq layihənin hazırlanmasından sonra Brüsseldə hər iki ölkə rəhbərlərinin görüşü olacaq. Zənnimcə, burada sülh müqaviləsinin ümumi müddəaları razılaşdırıla bilər. Buna qədər əsas məsələ isə sərhədlərin delimitasiyasıdır ki, növbəti ay həmçinin Brüsseldə bununla bağlı işçi qrupun növbəti görüşü keçiriləcək. Yəni ölkə başçılarının görüşünə qədər həm ümumsülh sazişinin müddəaları, həm də sərhədlərin delimitasiyası və demarkasiyası təsdiqlənə bilər. Hazırda Ermənistanda qarışıqlıqdır, Rusiyanın təhriki ilə fəaliyyətə başlamış müxalifət aramsız çıxışlar edir və Paşinyanı istefaya çağırırlar. Amma Nikol Paşinyanı devirmək mümkün olmayacaq, çünki bunun üçün parlament çoxluğu lazımdır ki, o da yoxdur. Əksinə, sülh müqaviləsi imzalandıqdan sonra onun mövqeyi daha da möhkəmlənəcək".