Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

Bahalı kirayə və cərimə: Ev bazarına yeni düzən gəlir? - Ekspert danışır

Bahalı kirayə və cərimə: Ev bazarına yeni düzən gəlir? - Ekspert danışır

Bu gün ölkədə, xüsusilə də paytaxtda kirayədə yaşayan vətəndaşların sayı kifayət qədərdir.

Bir sıra ölkələrdə kirayə məzillərlə bağlı müqavilə bağlansa da, ölkəmizdə buna nadir hallarda rast gəlinir. "Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru, İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Elnur Azadov deyib ki, ölkəmizdə kirayə bazarı faktiki olaraq "kölgə iqtisadiyyatı"nın bir hissədir:

"Hazırda İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti bununla bağlı qanun layihəsi hazırlayır. Cərimə mexanizmi tətbiq olunacaq".

Ölkəmizdə bu istiqamətdə ənənə formalaşmayıb və həm kirayədə yaşayan, həm də mənzilini kirayə verən bu prosesdən yayınmağa çalışır.

Bunun səbəbləri nədir və bu istiqamətdə irəliləyiş gözlənilirmi? Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya bildirdi ki, bu gün ölkədə daha çox əhali və daşınmaz əmlak Bakıda yerləşir:

"Kirayə mənzillərin və kirayə qeyri-yaşayış obyektlərinin sayı kifayət qədərdir. Bu gün həmin rəqəm 10 minlərlə və daha çoxdur. İnkişaf etmiş ölkədə vətəndaş kirayədə qalırsa, yaxud mənzil sahibi mənzili kirayə verir və gəlir əldə edirsə, mütləq şəkildə vergi dövlətə vergi ödəyir. Azərbaycanda mənzil fonduna baxsaq, mənzillərlə bağlı vergi ödənməsi çox az hallarda, məcburiyyət olduqda baş verir. Məsələn, hansısa xarici şirkətin nümayəndəsinin yaşadığı kirayə evin xərcini şirkət ödəyir. Bu zaman onlarla mütləq şəkildə müqavilə bağlanılır ki, kirayə pulu rəsmi göstərilsin. Yaxud hərbi və ya digər dövlət qulluqçuları var ki, onların da kirayə haqqını müəssisə ödəyir. Yəni bu kimi rəsmi formada müqavilə bağlananda vergi ödənilir. Ancaq digər hallarda əksər insanlar vergi ödəmirlər. Niyə ödəmirlər? Əvvəla çox insanın məlumatı yoxdur ki, kirayə mənzilə görə vergi ödənməlidir. Digər tərəfdən, bizdə vergi çoxdur, 14 faizdir. Məsələn, bir evin qiyməti 500 manatdırsa, onun təxminən 70 manatı vergidir. Ev sahibi istəməz ki, onu aldığı 500 manatdan ödəsin. Ya evin kirayə haqqını artıracaq, ya da kirayə götürənin üzərinə atacaq. Hər iki halda evin ümumi kirayə qiymətini qaldırır”.

Ekspert bildirir ki, dövlət 14 faizdən bu sahədə yararlana bilmir. Ona görə də bu faiz dərəcəsini 2-4 faizə salsalar, məcburiyyət olsa, hər bir şəxs vergi verər.

Onun fikrincə, bu istiqamətdə vətəndaşlarla maarifləndirmə tədbirləri ilə yanaşı, müəyyən işlər görülməlidir:

"Məsələn, bir vətəndaşın rəsmi iş yeri yoxdur. Ancaq mənzilləri var və kirayə verib. O bankdan kredit almaq istəyir və ona pul vermirlər ki, rəsmi iş yeri yoxdur. Onun kirayədən gəliri var və o gəliri rəsmi göstərə bilirsə, bu halda kirayə verənlər bank və digər layihələrdən yararlanmalıdır. Bundan başqa, mənzil alanların bir hissəsi ipoteka kreditindən yararlanır və burada ən çox üstünlük vətəndaşın rəsmi iş yerinin olmasına verilir. İnsanlar var ki, uzun illərdir kirayədə yaşayırlar, rəsmi iş yeri yoxdur. Ancaq kiçik biznes, sənətkarlıqla məşğuldur, yaxud qohumu xarici ölkədən pul göndərir ki, o da stabil kirayə haqqını ödəyir. Əgər bir şəxs 2-3 il kirayədə yaşayırsa və gecikmə olmadan kirayə haqqını ödəyirsə, demək, bu insan kreditini ödəyə biləcək. Kreditli şərtlərlə satılan mənzillərdə də bu cür layihələr olmalıdır və onlara üstünlük verilməlidir. Ümumiyyətlə, bu sahəyə nəzarət güclənməlidir. Ancaq o şərtlə ki, faizlər aşağı düşsün. Əgər faiz dərəcələri aşağı düşməsə ev sahibləri üçün maraqlı olmayacaq. Maraqlı olsa belə, qiymətləri qaldıracaq. Digər tərəfdən, qeyri-yaşayış obyektlərinə baxsaq, onların müqavilələri var. Belə ki, hansısa bir sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN açdıranda, müqavilə tələb olunur. Ancaq burada da böyük əksəriyyət həmin kirayə qiymətini real göstərmir. Çünki bizdə qeyri-yaşayış obyektlərinin kirayə qiyməti çox bahadır və simvolik, cüzi bir rəqəm göstərilir ki, vergi ödəyəndə çox olmasın”.