Gündəm / Cəmiyyət / Təhsil

"50-60 yaşında müəllimə nə imtahan?!" - ETİRAZ


Abituriyentlərin və tələbələrin ölkədəki təhsillə bağlı narazılıqları olduğu kimi müəllimlərin də müəyyən narazılıq və şikayətləri var. Belə ki, son günlər müəllimlər tərəfindən səslənən şikayətlərin çoxluğu diqqətləri cəlb edir. Onlar öz narazılıqlarını sosial media üzərindən insanlarla paylaşırlar. Təəssüflər olsun ki, narazılıqlarını bildirən müəllimlərlə yanaşı, öz ərizəsi ilə işindən çıxan müəllimlər də az deyil.
Onlar buna səbəb kimi əsasən əməkhaqlarının az olmasını, ədalətsizliyi, müəllimə qarşı olan hörmətsizlik və dəyərsizliyi göstərirlər.
"Səbəblər çoxdur, müəllimin gözdən salınması, haqsızlıq və s. Odur ki, daha gəlirli iş tapan kimi getməyə məcbur olurlar”- istifadəçi bildirib.
Bəzi müəllimlər isə tətbiq olunacaq sertifikasiya imtahanını bu vəziyyətin yaranmasına önəmli faktor kimi göstərirlər.
"Yazıq müəllim bu tətili necə keçirdiyini bir özü bilir, bir Allahı. Sertifikasiya sözünü eşitməkdən bezdik. 50-60 yaşında müəllimə nə imtahan? Soruşun görək, bu müəllimin sağlamlığı yerindədirmi?”- deyə istifadəçi qeyd edib.
Digər bir istifadəçi də bu fikirlə razılaşıb və əlavə edib ki, imtahandan kəsilib çıxmaqdansa, ərizə ilə işdən çıxmaq daha yaxşıdır.
Məsələyə münasibət bildirən şəxslərdən biri qeyd edib ki, o artıq 5 kişi müəllimin öz ərizəsi ilə işdən çıxmağının şahidi olub: "Sözün bitdiyi yerdəyik. Günahkar axtarmaq da mənasızdır. Çünki günah yenə müəllimlərin üstünə qalacaq”.
Bir qisim insan isə müəllimlərin bu addımına birmənalı yanaşmayıb. Onların fikrincə, müəllimlər sonuna qədər mübarizə aparmalı və maaş az olsa da, bu peşəni layiqincə sona qədər yerinə yetirməlidir. Bu fikirdə olan müəllimlər bildirib ki, peşənin belə olduğunu öncədən anlayıb, seçmək lazımdır.
Təhsil eksperti Elşən Qafarlı müəllimlərin öz ərizələri ilə işdən çıxmalarına aydınlıq gətitib. O, "Sherg.az"a açıqlamasında qeyd edib ki, belə bir vəziyyət 2014-2015-ci illərdə də yaşanmışdı. Ekspertin sözlərinə görə, həmin vaxt Bakı şəhəri üzrə 800-ə qədər müəllim diaqnostik qiymətləndirmədə iştirak etməmək üçün ərizə verib işdən çıxmışdı: "İndi də belə hallar var. Bu müəllimlər niyə ərizə yazdıqlarını yaxşı bilirlər. Çünki anlayırlar ki, onlar imtahanda minimum balı belə toplaya bilməyəcək. Bu da təbii ki, kənardan birmənalı qarşılanmayacaq. Bu baxımdan ərizə yazıb gedirlər. Düşünürəm ki, belə müəllimlərin sistemdən getməsinə heyifsilənmək lazım deyil. Hesab edirəm ki, bu mərhələdə sertifikasiya imtahanı həddən artıq yumşaq keçiriləcək. Elm və Təhsil Nazirliyi və əməkdaşları bunu dəfələrlə bildirib. Sertifikasiya ilə bağlı sınaq da keçirilib. Orada iştirak edən müəllimlər də sualların yetərincə sadə oduğunu qeyd edib. Zənnimcə, tədris etdiyi fənni minimum səviyyədə bilən müəllimlər üçün bu imtahan problem yaratmayacaq.
Təhsil milli məsələdir. Burada məsələ 5-10 müəllimin işləməsi yox, ölkəmizin gələcəyini qurtarmaqdır. Təhsilimiz şəxsiyyət və şagird yönümlüdür. Əgər müəllimlər sertifikasiyaya görə işdən çıxırsa, kaş bu addımı daha tez atardılar. Çünki həmin şəxslər elementar suallara cavab verə bilməyəcəklərinin fərqindədirlər. Onların addımını alqışlayıram. Düşünürəm ki, sertifikasiya sistemi ümumtəhsil həyatımızda çox problemlərə aydınlıq gətirəcək”.