Gündəm / Siyasət / Cəmiyyət / Sosial

"Azərsu" ASC-nin idarə rəisi işdən azad edildi - Köçərili Həsənov kimin əmisi oğlunu yenidən vəzifəyə gətirir?


"Azərsu" ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin rəisi Azad Qurbanov vəzifəsindən azad olunub.

"Kanal14.az" Mia.az-a istinadən xəbər verir ki, bu barədə ASC-nin sədr vəzifəsini icra edən sədr müavini Köçərli Həsənov avqustun 5-də müvafiq əmr imzalayıb.

Məlumata görə, sözügedən vəzifəyə "Azərsu" ASC-nin sədr müavini İlqar Tağıyev doğma əmisi oğlu İntiqam Tağıyevi gətirmək üçün "qollarını çırmalayıb": "Böyük ehtimalla Köçərli Həsənov bu gün və ya sabah onun əmrini imzalayacaq".

Bəs, İntiqam Tağıyev kimdir?

Mia.az-a verilən məlumata görə, İntiqam Tağıyev hazırda "Azərsu" ASC 4 nömrəli Sukanal İdarəsinin rəis müavini, yəni 3 gün əvvəl vəzifəsindən azad olunan Azad Qurbanovun müavinidir.

Məsələnin ən maraqlı tərəfi odur ki, İntiqam Tağıyev də əmisi oğlu İlqar Tağıyevlə eyni ildə - 2011-ci ildə Qorxmaz Hüseynovun sədr təyin olunmasından qısa müddət sonra "Azərsu" sistemində əmək fəaliyyətinə başlayıblar: "Belə ki, İlqar Tağıyev 2011-ci ildə Qorxmaz Hüseynovun sədr təyinatından çox qısa müddət sonra ona müavin təyin edilib.
Yeni sədr müavini, yəni İlqar Tağıyev isə vəzifəsində oturar-oturmaz əmisi oğlu İntiqam Tağıyevi əvvəlcə Neftçala rayon Sukanal idarəsinə rəis göndərdib, oradan isə Bakının ən strateji rayonlarından biri olan Nəsimi rayonundakı müavafiq idarəyə "transfer" etdirib. Lakin İntiqam Tağıyevin Nəsimi rayonunda yaratdığı problem və nöqsanlar onun bu rayonda uzun müddət duruş gətirməsinə mane olub və o, vəzifəsindən azad olunub.
Lakin onun işsiz statusunda qalması uzun çəkməyib. Belə ki, İlqar Tağıyev əmisi oğlunu birbaşa 3 nömrəli Regional Sukanal idarəsinə rəis göndərilməsinə nail olub. Ancaq İntiqam Tağıyev burada, yəni doğulduğu rayonu da əhatə edən idarədə rəhbərliyin və əmisi oğlunun etimadını uzun müddət doğrulda bilməyib. Yenə də vəzifədən çıxarılan və bir müddət işsiz qalan İntiqam Tağıyevin bu dəfə də əmisi oğlu İlqar Tağıyev "dinc durmayıb". O, növbəti dəfə əmisi oğlunu "Azərsu" ASC-nin aparatına - öz yanına mühəndis təyin etdirib. Niyə məhz öz yanına? Əlbəttə, bu da təsadüf olmayıb...".


Məlumata görə, İntiqam Tağıyev 4 nömrəli Sukanal idarəsinə rəis müavini vəzifəsinə də məhz sonuncu vəzifəsindən göndərilib: "Sizcə, İlqar Tağıyev və onun təmsil etdiyi qruplaşma olmasaydı, bu qədər ziqzaqlı təyinatlar olardımı? İndi belə bir adamı bir neçə rayonu əhatə edən böyük bir regional idarəyə rəis təyin etdirmək hansı məntiqə sığar? Axı, İntiqam Tağıyev indiyə qədər işlədiyi hansı idarədə nümunəvi işləyib və ya qurumda yeniliklər edib? Əgər varsa, o zaman ortaya sual çıxır: niyə tez-tez vəzifələrindən çıxarılıb və fasilələrlə işsiz qalıb?

Şübhəsiz ki, sədr vəzifəsinin icraçısı Köçərli Həsənov bunu da, onun hansı "zərurət"dən yeni-yeni vəzifələrə təyinatının səbəblərini də dəqiqliyi ilə bilir. Sadəcə, bilin ki, İlqar Tağıyev olmasaydı, Azad Qurbanovla (Onun niyə vəzifəsindən azad olunması başqa mövzunun yazısıdır-red) yanaşı, İntiqam Tağıyev də vəzifədən həmin günü uzaqlaşdırılardı. Amma təbii ki, qeyd etdiyimiz kimi, ortada Köçərli Həsənovun da sirr yoldaşı İlqar Tağıyev faktoru var. Və məhz bu amil Köçərli Həsənovu nəinki əmin addım atmaqdan çəkindirib, əksinə, o, müavin həmkarının əmisi oğlunu elə həmin idarəyə rəis təyin etdirmək üzrədir".

Yaxın vaxtlarda ASC-yə yeni sədr təyinatının gerçəkləşəcəyi barədə xəbərlər də dolaşır: "Böyük ehtimalla yeni sədr təyinatından sonra ACS-də çox böyük struktiur və kadr dəyişiklikləri baş verəcək. O zaman yəqin ki, belə xoşagəlməz təyinatlara da son veriləcək...".