Gündəm / Cəmiyyət / Sosial

Azərbaycanda ucuz taksi dövrü bitir? - Ekspert danışır

Azərbaycanda ucuz taksi dövrü bitir? - Ekspert danışır

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinhisar qanunvericiliyinin pozulması hallarının qarşısının alınması istiqamətində müraciətlərin araşdırılması ilə bağlı mütəmadi tədbirlər həyata keçirir.

"Delivery Azerbaijan” MMC tərəfindən Dövlət Xidmətinə "Bolt Services AZ” MMC-nin qanunsuz üsullarla digər bazar subyektlərini bazardan çıxarmaqla haqsız rəqabətə yol verdiyi barədə müraciət daxil olub.

Bununla bağlı müvafiq araşdırma aparılıb və "Bolt Services AZ” MMC haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İşə baxılması zamanı "Bolt Services AZ” MMC-nin onunla eyni bazarda fəaliyyət göstərən və ya həmin bazara daxil olmaq istəyən digər bazar subyektlərinin təsərrufat qərarlarının qəbul edilməsinə qanunsuz təsir göstərdiyi və bununla da "Haqsız rəqabət haqqında” Qanunun tələblərini pozduğu müəyyən edilib. Dövlət Xidməti tərəfindən işə baxılmanın nəticəsi olaraq yol verilmiş haqsız rəqabət hallarının qarşısının alınması və aradan qaldırılması məqsədilə "Bolt Services AZ” MMC-yə icrası məcbur olan göstəriş verilib, habelə haqsız rəqabətə yol verdiyinə görə müəssisə barədə maliyyə sanksiyası tətbiq olunub.

Maraqlıdır, "Bolt” haqsız rəqabət apararaq qanunu pozur, yoxsa ucuz taksi xidmətinin qarşısına sədd çəkilir? Dia.az-ın məlumatına görə, cebhe.info-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, şirkətlər UBER-ə, "Bolt”-a görə tənəzzülə uğrayıb, işini dayandırıb:

"”Bolt”, "UBER” aqreqator şirkətləridir, Azərbaycanda da fəaliyyət göstərirlər. Son zamanlar isə onlar rəqabət qaydalarını pozur. Statistika da bunu göstərir. Bazarda inhisarçılıq yaradırlar. Belə olan halda aidiyyəti qurumların bununla bağlı tədbir görməsi müsbət haldır. Biz aylardır, illərdir danışırıq ki, onlar bazarda haqsız rəqabət aparır, digər şirkətləri sıxışdırıb bazardan çıxarırlar. Neçə-neçə şirkətlər UBER-ə, "Bolt”-a görə tənəzzülə uğrayıb, işini dayandırıb. Yəni bu qədər keyfiyyətsiz və ucuz taksi xidməti dünyanın heç yerində yoxdur. Sürücüləri istismar edirlər, bazarda qiymətləri süni şəkildə ucuzlaşdırıb bütün müştəriləri özlərinə cəlb edirlər".

Ekspertin sözlərinə görə, indiki bazar qiymətləri ilə taksi xidmətləri arasında heç bir əlaqə yoxdur:

"Bazarda yanacağın qiyməti bahalaşıb, işçi qüvvəsi, ərzaq, ehtiyat hissələri bahadır. Hər şey bahalaşıb, taksi xidməti isə get-gedə ucuzlaşır. UBER, "Bolt” nə etmək istəyir? Deməli, burada açıq maraqlar hiss olunur. Arxasında erməni iş adamlarının dayandığı bu şirkət Azərbaycanda özbaşınalıqla məşğuldur. Süni şəkildə qiymət endirilir. Bu şirkət sürücüləri öz təsirinə salır, gündəlik 25 manat qazanmaq üçün nə qədər gedişə məcbur edir. O gedişləri etmək üçün insan psixologiyası ona hazır olmalıdır, fiziki cəhətdən sürücü ona hazır deyil axı. Yorulur, qəzalar törədir. Ona görə düşünürəm ki, aidiyyəti qurumlar cərimələməklə yanaşı, taksi fəaliyyəti ilə bağlı qərar versə, yaxşı olar".