Gündəm / Cəmiyyət / Sosial

“Qafqaz Müsəlmanları İdarəsi həm qanuna, həm də dinə zidd olan qurumdur” - İlahiyyatçıdan QALMAQALLI İRAD


Kanal14.az: - "Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayı ilə bağlı ictimaiyyətə ətraflı məlumat vermir”.

Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fəaliyyətini dəyərləndirən ilahiyyatçı Elşad Miri Yenicag.az-a açıqlamasında deyib.

O, vurğulayıb ki, QMİ dini xarakterli bilgiləri ictimaiyyətə düzgün formada çatdırmır:

"Bu gün Azərbaycanda dinlə məşğul olan iki qurumun olduğu hər kəsə məlumdur. Onlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsidir. Bir neçə gün öncə Qafqaz Müsəlmanları İdarəsi və Şamaxı Astrofizika Rəsədxanasının birgə məlumatında bildirilib ki, Məhərrəm ayının 1-i iyulun 30-na təsadüf edir. Aşura günü isə avqustun 8-nə düşür.

Əslində, Qafqaz Müsəlmanları İdarəsi gündəmdən çıxmış bir qurumdur. Sadəcə, müəyyən məsələlərlə bağlı öz mövcudluğunu qorumağa çalışır. Bu gün QMİ-yə aid bir çox səlahiyyətlər ondan alınıb. Bunlardan biri də Bakı İslam Universitetinin ləğv edilməsi, digəri isə imam və axundların təyin olunması məsələsidir.

Ümumilikdə, qurum dini təbliğat aparmır, insanların dini inanclarla bağlı olan problemlərinin həllində iştirak etmir. QMİ həm qanuna, həm də dinə zidd olan qurumdur. Eyni zamanda, QMİ Məhərrəm ayı ilə bağlı ictimaiyyətə ətraflı məlumat vermir, dini çox bərbad təbliğ edir”.