Gündəm / Siyasət / Cəmiyyət / Sosial

Naxçıvan Xanından GERİYƏ ADDIM: Günahlarını etiraf edir... - NƏ BAŞ VERİR?

Naxçıvan Xanından GERİYƏ ADDIM: Günahlarını etiraf edir... - NƏ BAŞ VERİR?

"Kanal14.az" bildirir ki, Ötən gün Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov "Araz” Elm-İstehsalat Birliyinin təcrübə təsərrüfatında Muxtar Respublikada taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirib. Ali Məclisin sədri müşavirədə olduqca mühüm etiraflarda bulunub.

"Ali rəhbər” bildirib ki, 2022-ci ildə Naxçıvan şəhərində 16, Şərur rayonunda 1302, Babək rayonunda 728, Ordubad rayonunda 55, Culfa rayonunda 1949, Kəngərli rayonunda 3508, Şahbuz rayonunda 294, Sədərək rayonunda 421 hektar olmaqla, ümumilikdə 8273 hektar əkinəyararlı torpaqda əkin aparılmayıb: "Bunun da 4230 hektarı bələdiyyə, 1336 hektarı dövlət, 2707 hektarı isə xüsusi mülkiyyətdə olan torpaqlardır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti verilmiş tapşırıqların icrasını diqqətdə saxlamalı, görülən işlərin nəticəsi barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat verməlidir”, - deyə cənab sədr bildirib.

O, həmçinin Naxçıvanda taxılın məhsuldarlığının da aşağı düşdüyünü vurğulayaraq deyib:

"Görülən işlərə baxmayaraq taxılçılıq sahəsində məhsuldarlığa tam nail olunmayıb. Xüsusən aqrotexniki qaydalara ciddi əməl edilmir. Nəticədə məhsuldarlıq aşağı düşür. Bunların da qarşısı alınmalıdır”.

Naxçıvandakı mənbəmizin bildirdiyinə görə, Vasif Talıbov məhsuldarlığın aşağı düşməsinin və xeyli miqdarda əkin sahəsinin becərilməməsinin günahını başqasının boynuna qoymağa çalışsa da, əslində bu problem onun özünün yürütdüyü yanlış siyasətin nəticəsidir: "Vasif Talıbov Naxçıvanda məhsuldarlığın aşağı düşməsindən və əkinə yararlı torpaq sahələrinin becərilməməsindən danışsa da, nədənsə bunun əsl səbəbini ictimaiyyətdən gizlədir. Həmin müşavirədə iştirak edənlərdən heç biri isə cəsarət edib ona deyə bilmirlər ki, qibleyi-aləm, axı, bütün bu problemlərin əsl səbəbi Naxçıvanın su ehtiyatından düzgün istifadə olunmamasıdır. Bunun bir günahkarı var, o da siz həzrətləridir”.

Mənbəmizin bildirdiyinə inansaq, Naxçıvan əkinə yararlı torpaq sahəsi baxımından ümumrespublika göstəricilərindən xeyli geri qalır: "Azərbaycanda əkinə yararlı torpaq sahəsi ümumi torpaq fondunun 40%-ni təşkil edirsə, Naxçıvanda bu göstərici 29.9%-dir. Bundan əlavə, Naxçıvanın ciddi su problemləri də var. Bölgə sərt kontinental iqlimə malik olduğundan burda buxarlanma səth axınından 3 dəfə çoxdur. Üstəlik, Naxçıvanın yağmur baxımından da bəxti gətirməyib. Bütün bunlar isə Muxtar Respublikada xüsusi aqro-texniki, meliorasiya tədbirləri həyata keçirməyi tələb edir”.

Həmsöhbətimizin bildirdiyinə görə, Naxçıvanda su qıtlığının qarşısını almaq üçün hələ sovet hakimiyyəti illərində onlarla su anbarı salınmışdı. Naxçıvanın torpaq sahələrinin əksər hissəsi məhz bu su anbarlarının sayəsində suvarılırdı. İndisə o süni göllər baxımsızlıq ucbatından yararsız hala düşüb, bəzilərindən isə təyinatı üzrə istifadə olunmur. Məsələn, Sovet hakimiyyəti illərində Naxçıvan şəhərinin əsas su mənbəyi Uzunoba gölü idi. 2005-ci ildə Vayxır su anbarı istifadəyə veriləndən sonra Uzunoba plyaja çevrildi. Halbuki bu göl Naxçıvan şəhərini su ilə təchiz etməklə yanaşı, 1730 ha torpaq sahəsini suvarmaq üçün tikilmişdi. Plyaja çevrildikdən sonra həmin göldən nəinki içmək, heç suvarma üçün də istifadə olunmadı.

Babək rayonunun digər böyük su anbarı Sirab gölüdür. Sirab gölü də bu gün nasaz vəziyyətə düşüb. Artıq ondan kənd təsərrüfatı sahələrinin suvarılması üçün istifadə olunmur. Anbarın suvardığı 2700 hektarlıq sahə də yeni su mənbəyinə möhtac hala düşüb. Alternativ mənbə isə Vayxır su anbarıdır ki, Naxçıvan hakimiyyəti onun da imkanlarından maksimum istifadə etmir, edə də bilməz. Çünki Naxçıvan şəhərini içməli su ilə təchiz edən bu göldə suyun azalmasına imkan vermək olmaz. Əks halda, ilin quraq keçəcəyi təqdirdə Naxçıvan şəhər əhalisinin su təchizatında böyük problem yarana bilər.

Batabat göllərinin vəziyyəti də qənaət bəxş deyil. 3 göldən ikisinin bəndi xarab olub və onlardan su götürmək imkansız hala gəlib.

Məhz bu səbəblərdən də camaat öz torpaq sahələrini əkib-becərə bilmirlər. Su qıtlığının yaşandığı məmləkətdə məhsuldarlığın artırılması da mümkün deyil. Vasif Talıbov isə fermerlərdən zorla məhsuldarlığı artırmağı tələb edir. Halbuki fermerə yetərli səviyyədə su verilməsə, bu sadəcə istək olaraq qalacaq”.

Həmsöhbətimiz onu da bildirdi ki, Naxçıvan hakimiyyəti təcili addımlar atmasa, yaxın zamanlarda əkinəyararlı sahələr şoranlaşacaq, bu da gələcəkdə daha böyük problemlərin çıxmasına şərait yaradacaq.//Ovqat.com