Gündəm / İqtisadiyyat / Cəmiyyət / Foto

Büdcədən silinən pulların qaranlıq taleyi.. - FOTO

Büdcədən silinən pulların qaranlıq taleyi.. - FOTO"Kanal14.az" "DogruXeber.az"a istinadən  xəbər verir ki, 01.07.2022-ci il tarixində Dövlət Satınalma Portalında "Azəralüminium" MMC-nin iki xarici şirkətlə - Alman şirkəti "Hoesch Metallurgie GmbH" və Çin şirkəti "Cangzhou DongSheng Metal Co" LTD ilə yüksək məbləğlərin qeyd edildiyi tender müqaviləsi imzaladığı xəbəri qeyd edilmişdir.

Qeyd edək ki, Sözügedən müəssisənin Alman şirkəti ilə bağlanmış "AİTilO və Si2202 şixtə materiallarının satınalınması" (məbləğ - 728042 AZN) və Çin şirkəti ilə imzaladığı Mn75 flyuslu şixtə materiallarının satınalınması" (məbləğ - 199750 AZN) müqavilələri barəsində ətraflı məlumat bölməsi boş saxlanılıb.

Büdcədən silinən pulların qaranlıq taleyi.. - FOTO


Yeri gəlmişkən, onu da vurğulamaq yerinə düşər ki, "Azəralüminium" MMC eyni gündə daha bir şirkətlə - "AzCargo Logistiks and Management Services" MMC ilə 35165 (otuz beş min yüz altmış beş) AZN məbləğin qeyd edildiyi, "Bakı-Gəncə və Gəncə-Bakı marşrutu üzrə müxtəlif yüklərin daşınması xidmətinin (144 maşın) satın alınması" müqaviləsi də imzalayıb. Lakin, yüksək məbləğlərin qeyd edildiyi digər iki müqavilədən fərqli olaraq, bu müqavilə barəsində ətraflı məlumat bölməsi doldurulub.

P.S: "DogruXeber.az" olaraq, məlumatı yayımlamadan öncə, qarşı tərəflə telefon əlaqəsi saxlayıb, xarici şirkətlərlə bağlanmış müqavilələr barəsində "ətraflı məlumat" bölməsinin boş saxlanılmasının səbəbini soruşmaq istədik.
Odur ki, sözügedən müəssisənin rəsmi internet səhifəsində yerləşdirilən telefon nömrəsi ilə əlaqə saxladıq. Telefona cavab verən şəxs bizə "Satınalma məsələlərinə Teymur müəllim baxır" dedi və həmin şəxsin telefon nömrəsini verdi.

Ardından deyilən şəxsə zəng etdik.
Özümüzü təqdim edib, sualımızı verdik.
Teymur müəllim deyilən şəxs bizdən soruşub, Satınalma Portalına daxil oldu və yalnız bu zaman həmin müqavilələri gördü. Teymur müəllimin reaksiyasından bəlli oldu ki, müqavilələrdən ümumiyyətlə xəbərsizdir.

"Qara nida"ları gördükdə isə "həə yoxdur" deyib, təsdiqlədi.
Sonra da başladı məlumatsız olduğu müqavilə barəsində "açıqlama verməyə" ki, "Yəqin yaddan çıxıb. Deyərəm doldurarlar. O yəqin məlumatları yerləşdirənin məsuliyyətsizliyidir"

Sual verdik: - O zaman az məbləğin qeyd edildiyi məlumatları yerləşdirilməsi necə olur yaddan çıxmır?".

Deyir: - "Eyni adamlar deyil. Ayrı -ayri müəssisələrdir."

Soruşduq: - "Teymur müəllim, az öncə məlumatsız olduğunuzu dediniz. Məlumatınız olmayan müqavilə barəsində necə deyə bilərsiniz ki, yaddan çıxıb ".

Bundan sonra Teymur müəllim aqressiv şəkildə, danışmamıza imkan vermədən danışmağa başladı. "Kimsən sən? Nə demək istəyirsən? Biz qara-qura işlərlə məşğul oluruq demək istəyirsən?" və sair...

Doğrusu, suallarımızın cavabı olaraq, Teymur müəllimin qəflətən aqressivləşməsi, səs tonunu qaldırması və dayanmadan təkrar-təkrar "nə demək istəyirsən? Demək istəyirsən ki, biz burda qara-qura işlərlə məşğul oluruq?" deyə soruşması və bizim dilimizdən nələrsə eşitməyə çalışması bizi çox təəccübləndirdi.

Görünür, Teymur müəllimi hövsələdən çıxaran suallara cavab verməkdə çəkdiyi çətinlik idi. Odur ki, daha da çətinliyə salmadan, təşəkkür edib, sağollaşdıq. Amma, deyəsən Teymur müəllimin narahatlığı keçməmişdi, o hələ də sağollaşmaq istəmirdi. Hətta, sağollaşmadan əvvəl bizi təhdid etməyi də unutmadı. "Əgər, bilmədiyiniz şeyləri yazsanız, mən bilirəm nə edəcəm. Hüquq -mühafizə orqanlarına şikayət edəcəm"- deyib, sonra sağollaşdı.

QEYD: Qeyd edək ki, sözügedən məlumatla bağlı Azərbaycan Respublikası Maliyyə nazirliyinə, eyni zamanda İqtisadiyyat Nazirliyinə göndərilməsi üçün redaksiyamız tərəfindən rəsmi müraciətlər hazırlanır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az